Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının fəal təbliğatçısı, parlaq zəkası, işgüzarlığı, təmiz əxlaqı və sağlam əqidəsi ilə Azərbaycan neftçilərinin, partiyamızın dərin rəğbət və hörmətini qazanmış müharibə və əmək veteranı, 1997-ci ildən YAP Səbail rayon təşkilatının Şura üzvü, YAP Səbail rayon Mərkəzi ərazi ilk təşkilatının sədri Məmmədzadə Məhəmmədəli İsrafil oğlu 10 fevral 1951-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Cəbrayıl rayonunun Hovuslu (Hafisli) kəndində anadan olmuşdur. 1968-ci ildə Cəbrayıl rayonundakı akademik Mehdi Mehdizadə adına orta məktəbi əla qiymətlərlə bitirmiş və Azərbaycan Neft Akademiyasına (M.Əzizbəyov adına Neft və Kimya İnstitutu) daxil olmuş və 1973-cü ildə ali təhsilini başa vurmuşdur. 1973-1975-ci illərdə “gənc-mütəxəssis” təyinatı ilə SSRİ Müdafiə Nazirliyinin 09321 saylı hərbi hissəsində zabit olaraq hərbi xidmət keçmişdir. Nümunəvi hərbi xidmətinə və yüksək idarəçilik bacarığına görə onun şəkli “Şərəf lövhəsi”ndə asılmışdır.
1975-ci ildə “Neft Daşları”nda elektrik montyoru kimi əmək fəaliyyətinə başlayan M.Məmmədzadə qısa bir zamanda kollektivin dərin hörmət və etimadını qazanmış, 1981-ci ilə kimi müxtəlif vəzifələrdə çalışmışdır. Gənc mühəndisin çətinliklərə sinə gərməsi, daim öz üzərində işləməsi neft sənayesi rəhbərliyinin diqqətindən yayınmamış, 1981-ci ildə onu “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin Baş energetik şöbəsinə böyük mühəndis vəzifəsinə təyin etmişlər.
“Neft Daşları”nda topladığı zəngin təcrübə onun gələcək uğurlu fəaliyyətinə zəmin yaratdı. “Günəşli”dən tutmuş “Pirallahı”yadək, “Bahar”dan “Səngəçal”adək onlarca energetika obyektinin tikintisində, yüksəkgərginlikli elektrik xətlərinin və sualtı kabellərin çəkilməsində onun xüsusi xidmətləri olmuşdur. “Neft Daşları”ndakı unikal Qaz Trubinli Elektrik Stansiyasının (QTES-48) tikintisinin qısa müddətdə və uğurla başa çatdırılmasında fəal çalışmışdır.
Böyük təşkilatçılıq bacarığı, işgüzarlığı, zəhmətkeşliyi və tələbkarlığı ilə fərqlənən M.Məmmədzadə neft-qaz mədənlərinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi üçün uzun illər yorulmaq bilmədən çalışmışdır. 25 il neft sənayesinin Mərkəzi İdarəetmə Aparatında müxtəlif vəzifələrdə çalışmış, “Xəzərdənizneftqaz” və “Azneft” İB-nin baş energetikinin müavini, 2003-2006-cı illərdə ARDNŞ-in Baş energetik şöbəsinin rəisi və baş energetiki kimi fəaliyyət göstərmişdir. ARDNŞ-in “İlk baş energetiki” kimi onun adı neft sənayesinin tarixinə düşmüşdür. Elə bu gün də neftçi-energetiklər Məhəmmədəli müəllimi öz ağsaqqalları kimi tanıyırlar.
Qeyd edək ki, hələ tələbəlik illərində “Neft kadrları uğrunda” qəzetində tələbə-müxbir kimi bir sıra məqalələrin müəllifi olan M.Məmmədzadə “Neft Daşları”nda çalışdığı dövrdə də ictimaiyyətçi kimi gənclər təşkilatında geniş fəaliyyət göstərmişdir.
DNQÇ İB-nin və “Azərineft” NQÇİ üzrə Baş İdarənin Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü, Respublika Həmkarlar İttifaqları Konfederasiyasının məclis üzvü kimi fəaliyyət göstərmişdir.
O, 1991-1992-ci illərdə İstanbul Universiteti və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xalq Təsərrüfatının İdarəetmə İnstitutunun birgə təşkil etdiyi xüsusi kursu bitirərək “Menecment” sertifikatına layiq görülmüşdür.
1994-1996-cı illərdə Xarici İşlər Nazirliyinin tövsiyəsi və Nazirlər Kabinetinin ARDNŞ-yə məktubu əsasında Ankaradakı Türkiyə və Orta Şərq ölkələri üzrə İctimai İdarəetmə İnstitutunda təhsil almışdır. Paralel olaraq Türkiyə XİN-nin TİKA təşkilatında məsləhətçi-tərcüməçi kimi çalışmışdır.
Topoqrafiya İdarəsində rəis müavini, 2009-2014-cü illərdə H.Z.Tağıyev adına NQÇİ-də M.Məmmədzadə 2006-2009-cu illərdə Kompleks Geoloji Kəşfiyyat və baş mühəndisin ƏM və TT üzrə müavini vəzifəsində çalışmış və təqaüd yaşı ilə əlaqədar istehsalatdan ayrılmışdır. O, istehsalatda öz tətbiqini tapmış 30-a qədər səmərələşdirici təklifin müəllifidir.
Məhəmmədəli müəllimin keçdiyi zəngin və şərəfli həyat yolu, yorulmaz əmək fəaliyyəti, qarşıya qoyduğu ülvi məqsədlərə nail olmaq üçün nümayiş etdirdiyi qabiliyyət, bilik, prinsipiallıq, qəti iradə, şəxsi mənəvi və yüksək insani keyfiyyəti onu əsl şəxsiyyət, el ağsaqqalı səviyyəsinə yüksəldib. Ölkəmizin ən mürəkkəb, keçməkeşli dövründə o, möhkəm əqidəli insan kimi daim vətənə, xalqa sadiqlik əsl vətəndaş mövqeyini sədaqətlə nümayiş etdirmişdir. Özünə, həmkarlarına tələbkar olmaqla yanaşı, insanlara qarşı həssas, qayğıkeş və hədsiz diqqətcildir.
Öz işində daim yenilik tətbiq edən gənclərin himayəçisi və tərbiyəçisi olan, qarşıya qoyduğu məqsədə çatmağa təkidlə can atan, həmkarlarına münasibətdə qayğıkeşliyi və səmimiyyəti ilə seçilən Məhəmmədəli Məmmədzadənin adı həmişə həmkarları arasında zəhmətkeş adam, gözəl mütəxəssis, xeyirxah insan kimi çəkilib.
Məmmədzadə Məhəmmədəli Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliğinə sadiqliklə xidmət edən yüksək, saf əqidəli, millətinə, torpağına vətəninə bağlı olan əsl Azərbaycan vətəndaşıdır. Yeni Azərbaycan Partiyasının veteranı, fəal üzvü kimi partiyanın ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində iştirak etməklə yanaşı, YAP ARDNŞ üzrə ərazi ilk partiya təşkilatının yaradıcılarından biri kimi 2007-ci ilə qədər bu təşkilatın sədr müavini və sədri olmuşdur. Məhz onun səyləri nəticəsində təşkilatın üzvlərinin sayı qeyd olunan dövrdə 4 nəfərdən 2500 nəfərədək artmışdır. Hazırda Məhəmmədəli müəllim YAP Səbail rayon təşkilatının nəzdində fəaliyyət göstərən Mərkəzi Səbail ərazi ilk partiya təşkilatına uğurla rəhbərlik edir.
Məhəmmədəli müəllim həm də gözəl ailə başçısı, həyat yoldaşı, nümunəvi ata və babadır. Həyat yoldaşı Fəzilə xanım uzun illər “Dənizdə” NQÇ İB-də və “Azneft” İB-də onunla çiyin-çiyinə çalışmış, hazırda təqaüdçüdür.
M.Məmmədzadə dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. Neft sənayesindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə ARDNŞ-in Fəxri fərmanına, respublikamızın müstəqilliyi uğrunda apardığı mübarizəyə görə Kütləvi İnformasiya Vasitələri HİK-in “Azərbaycan Bayrağı” və “Vətən” mükafatlarına, prezident, parlament, bələdiyyə seçkilərində aktiv səmərəli fəaliyyətinə və YAP-ın İƏPT-nin formalaşmasında, inkişafında xüsusi xidmətlərinə görə MSK-nın və YAP Səbail rayon təşkilatının Fəxri fərmanlarına, çoxsaylı təşəkkür məktublarına layiq görülmüşdür.
M.Məmmədzadəni fərqləndirən cəhət - hadisələri obyektiv qiymətləndirmək bacarığı özünün prinsipial mövqeyinin olması və hər işə məsuliyyətlə yanaşmasıdır. O, çalışdığı sahədə kifayət qədər savadlı və təcrübəli olmaqla yanaşı, öz həmkarlarına qarşı münasibətdə də diqqətli və təvazökardır.
Bu şanlı yubiley günü münasibətilə Məhəmmədəli müəllimi səmimi qəlbdən təbrik edir, həyatda ona sağlam uzun ömür, dəyərli, faydalı fəaliyyətində yüksək nailiyyətlər arzulayırıq.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı adından
professor Şəmsəddin Hacıyev
- Oxunub: 1680 |
- Tarix: 17-02-2021 |
-
Çap et |