Azərbaycanın vaksinasiya prosesinə erkən mərhələdə başlaması ölkəmizdə insanların sağlamlığının qorunmasına dövlət tərəfindən ciddi önəm verilməsinin daha bir təzahürüdür
Hazırda beynəlxalq miqyasda ən çox müzakirə olunan mövzulardan biri koronavirus pandemiyasına (COVID-19) qarşı aparılan peyvəndləmə ilə bağlıdır. Uzun müddət idi ki, dünya təhlükəli yoluxucu infeksiyaya qarşı vaksinin ixtirasını gözləyirdi. Mütəxəssislərin, laboratoriyaların axtarışları öz müsbət nəticəsini verdi. Artıq müxtəlif şirkətlər tərəfindən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndin kütləvi istehsalına başlanıb. Ayrı-ayrı ölkələrdə vaksinasiya prosesinə start verilib. Azərbaycanda da vaksinasiya prosesinə əvvəlcədən zəruri hazırlıq işləri görülüb. Cari il yanvarın 18-də isə respublikamızda ilk peyvəndləmə həyata keçirilib. Beləliklə, respublikamız Cənubi Qafqazda yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə başlayan ilk ölkə olub.
Ölkəmizdə vaksinlər ilkin mərhələdə risk qrupundan olan insanlara vurulur
İndiki mərhələdə COVID-19-a qarşı peyvəndləmə aparılması təhlükəli xəstəliyin yayılması ilə mübarizədə ən səmərəli vasitədir. Azərbaycanın vaksinasiya prosesinə erkən mərhələdə başlaması ölkəmizdə insanların sağlamlığının qorunmasına, xəstəliyin yayılma zəncirinin qırılmasına dövlət səviyyəsində ciddi önəm verilməsinin daha bir təzahürüdür. Azərbaycan dövləti pandemiyanın ilk günlərindən bu məsələyə kifayət qədər həssas yanaşma sərgiləyir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı COVID-19-a qarşı səmərəli mübarizə aparan nümunəvi ölkə kimi dəyərləndirib.
Ölkəmizdə insanların peyvəndləmə prosesinə cəlb olunması könüllülük əsasında həyata keçirilir. Respublikamızda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndləmə prosesində Çin istehsalı olan vaksinlərdən istifadə edilir. Qeyd edək ki, Azərbaycan indiyədək 4 milyon doz vaksin sifariş etmişdi və həmin vaksinlərin ölkəmizə gətirilməsi təmin edilib. Bundan başqa, ölkəmizə vaksinlərin yeni həcmlərinin gətirilməsi ilə bağlı danışıqlar da aparılır. Eyni zamanda, respublikamız COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə də müxtəlif vaksinlər ölkəmizə gətiriləcək. İlkin mərhələdə vaksinlərin 60 yaşdan yuxarı insanlara, tibb işçilərinə, polis əməkdaşlarına və digər risk qruplarından olan insanlara vurulması nəzərdə tutulub.
Vaksinasiya prosesinin uğurla həyata keçirilməsində vətəndaşların məsuliyyətli davranmaları böyük önəm daşıyır
Hazırda bir sıra Avropa ölkələrində, qardaş Türkiyədə vaksinasiya prosesi geniş vüsət alıb. Azərbaycanda da prosesin uğurla həyata keçirilməsində vətəndaşların məsuliyyətli davranmaları böyük önəm daşıyır. Azərbaycanın tətbiq etdiyi peyvəndlərdən Türkiyədə və bir sıra başqa ölkələrdə də istifadə olunur. İndiyədək peyvəndlərin vurulduğu insanlarda heç bir yan təsir müşahidə olunmayıb. Ümumiyyətlə, mütəxəssislər peyvənd vurulan insanlarda ciddi yan təsirlərin baş verməsini istisna edirlər. Peyvənd vurulan şəxslərdə yüngül yan təsirlər müşahidə edilə bilər. Bunlar isə qısamüddətli və keçici əlamətlərdir.
Yeri gəlmişkən, nüfuzlu tibbi jurnal olan “The Lancet” Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini haqqında geniş məqalə dərc edib. Məqalədə COVID-19-un dünyada yayılmasının qarşısını almaq üçün effektiv və təhlükəsiz vaksinlərin tətbiqinin zəruriliyinə diqqət çəkilib. Vurğulanıb ki, COVID-19-a yoluxma riski yüksək olan yaşlı insanların (60 və daha yuxarı yaş) “CoronoVAC” vaksininə daha çox ehtiyacı var. Bu vaksin qeyd edilən yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün və immunogenliyinin artırılması üçün istifadə edilir.
Onu da qeyd edək ki, peyvəndləmə prosesi həyatımızın normal axara düşməsi baxımından da çox vacibdir. Müşahidələr göstərir ki, peyvəndləmə prosesi aparılan ölkələrdə paralel şəkildə karantin rejimi yumşaldılır, daha geniş və sürətli açılmalara gedilir.
Azərbaycan vaksinlərin dünya üzrə ədalətli bölüşdürülməsinin tərəfdarıdır
Vurğulamaq yerinə düşər ki, Azərbaycan məsuliyyətli dövlət kimi pandemiya şəraitində qlobal həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verir. İndiyədək respublikamız ÜST-ə iki tranşda 10 milyon dollar ianə edib və 30-dan çox ölkəyə dəstək göstərib.
Azərbaycan, həmçinin vaksinlərin dünya üzrə ədalətli bölüşdürülməsinin tərəfdarıdır. Hazırda dünyada vaksinlərin əldə edilməsi uğrunda mübarizə gedir. Bu da onunla bağlıdır ki, vaksinlərin istehsalı ona olan tələbatı ödəmir. Belə şəraitdə imkanlı dövlətlər daha böyük həcmlərdə vaksin əldə etməyə çalışırlar, kasıb ölkələr isə bu imkandan məhrum qalırlar. Azərbaycan bu məsələdə də ədalətin tərəfindədir. Ölkəmizin mövqeyi belədir ki, vaksinləri yalnız imkanlı, varlı dövlətlər əldə etməməlidirlər. Burada kasıb ölkələrin də mənafeləri nəzərə alınmalı və peyvənd onlara da çatdırılmalıdır.
Mübariz ABDULLAYEV
- Oxunub: 2040 |
- Tarix: 17-02-2021 |
-
Çap et |