Gürcüstanda azərbaycanlılara məxsus bir qrup qeyr-hökumət təşkilatının rəhbrəliyi və ziyalılar Xocalı soyqırımın 29-cu il dönümü ilə əlaqədar Gürücstan Prezidentinə, Baş nazirə, parlamentin sədrinə, xarici işlər nazirinə, ombudsmana, BMT, ATƏT və digər beynəlxalq təşkilatların Tbilisidəki nümayəndəliklərinə və dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, “Xocal soyqırımını tanımağa çağırış” adlanan müraciətdə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını tanımaq və bu qanlı faciəyə hüquqi, siyasi qiymət verilməsi xahiş olunur.
“Borçalı-İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov AZƏRTAC-a bildirib ki, müraciəti imzalamaqda məqsəd Gürcüstan rəsmilərinin və dünya ictimaiyyətinin diqqətini bir daha Xocalı faciəsinə, erməni vandalları tərəfindən günahsız insanların vəhşicəsində qətlə yetirilməsi faktına cəlb etmək, Xocalıda baş verənlərin soyqırımı olduğunu sübut etməkdir.
Bəyantda deyilir ki, XX əsrdə Azərbaycana qarşı erməni millətçiləri tərəfindən törədilmiş təkcə bir faktı göstərmək kifayət edir ki, düşmənin necə məkirli olduğunu bütünlükdə dünya görsün. Sənəddə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 7 min nəfərə yaxın əhalisi olan Xocalını mühasirəyə aldığı, ermənilərin ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirdiyi qeyd olunur.
Bildirilir ki, bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların sırasında 8 ailə tamamilə məhv edilib, 56 insan xüsusi ağır işgəncələrlə öldürülüb, 27 ailənin yalnız 1 üzvü sağ qalıb. Eyni zamanda, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini, 230 ailə öz başçısını itirib. Bundan başqa, 487 insan şikəst olub, (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır), 1275 insan əsir götürülüb, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
“Göründüyü kimi, Xocalı qətliamı ötən əsrin ən dəhşətli faciələrindəndir. Belə tükürpədici hadisələr dünya sivilizasiyasını və bəşər cəmiyyətini geri aparır. Bəşəriyyətin inkişafı naminə bütün insani pisliklərə son qoyulmalıdır”, - deyə müraciətdə vurğulanır.
Qeyd olunur ki, dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımı normativ-hüquqi aktlarda xatırlanıb və tanınıb. Sənəddə daha sonra deyilir: “Əminik ki, Gürcüstan hökuməti, parlamenti və digər aidiyyəti qurumları rahat və firavan dünya naminə günahsız insanların - mülki əhalinin ölümünə səssiz qalmayacaq və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqdır”.
Bəyanat 48 QHT rəhbəri və 7 ictimai xadim tərəfindən imzalanıb.
- Oxunub: 2010 |
- Tarix: 15-02-2021 |
-
Çap et |