Yaxud Sevinc Osmanqızı ermənipərəst mərkəzlərin mənafeyinə uyğun addımları ilə yenidən özünü ifşa edir
Özünü siyasi dialoqdan kənarda saxlayan radikal müxalifət və onun xaricdəki uzantıları çirkin əməllərindən əl çəkmirlər. Bu ünsürlər, həmçinin fürsət düşdükcə ölkəmizdə həyata keçirilən siyasi islahatlara qara yaxmağa, partiyalararası münasibətlərin siyasi dialoq mühitində formalaşmasına qarşı kampaniyalar aparmağa cəhd göstərirlər. Bu məsələdə ən “fəal”lardan biri olan ermənipərəst Sevinc Osmanqızı öz internet kanalında davamlı olaraq ölkədəki siyasi partiyaları hədəfə alır, siyasi dialoq prosesini fərqli və yalan rakurslardan təqdim etməyə çalışır. Görünən budur ki, ölkəmizdəki milli həmrəylikdən ciddi narahatlıq keçirən “beşinci kolon” ictimai rəyi yanıltmağa cəhd göstərir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, ölkəmizdə həyata keçirilən çoxşaxəli dövlət siyasəti, davamlı islahatlar kursu ölkənin inkişafını təmin etməklə yanaşı, siyasi palitramızın da zənginləşməsinə zəmin yaradır. Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın milli maraqlardan çıxış edərək birgə bəyanat imzalaması, ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməsi məhz bu dialoq mühitinin nəticələrindəndir: “Xaricdəki şəbəkələşmiş antimilli qrupların bundan narahatlıq keçirməsi isə əbəs deyil. Onu da deyim ki, dövlətimizin inkişafı üçün gedən prosesdə iştirak etmək, müxalifət partiyası olaraq problemlərin qarşılıqlı müzakirələr əsasında həlli yollarını araşdırmaq və tapmaq siyasi partiya olaraq mühüm vəzifələrimizdəndir. Kimlərinsə nə isə deməsi və ya hansısa kampaniyalar aparması bizi öz yolumuzdan döndərə bilməz”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də ölkəmizdə formalaşmış yeni siyasi dialoq mühitini yüksək qiymətləndirib. Onun sözlərinə görə, yeni siyasi konfiqurasiyanın yaranması bəzi radikal qüvvələrin və xaricdə məskunlaşmış şəbəkənin özünü “vahid müxalifət” kimi təqdim etmək cəhdlərinin qarşısını aldı: “Siyasi həmrəyliyin formalaşması ölkənin siyasi mühitinin inkişafına müsbət təsirini göstərməkdədir. 44 günlük Vətən müharibəsində biz bunun praktik nəticələrinin şahidi olduq. Ölkə daxilində siyasi sabitlik hökm sürdü. Bu isə bəzi dağıdıcı qüvvələrin maraqları ilə uzlaşmır. Radikallar Azərbaycana xarici təzyiqlərin olmasını arzulayırlar. Ölkədəki milli birliyi, həmrəyliyi hədəfə almalarının, vəziyyəti gərginləşdirməyə çalışmalarının səbəbi budur. Lakin dağıdıcı düşərgə təmsilçilərinin qarayaxma kampaniyası fiaskoya məhkumdur”.
Pərviz SADAYOĞLU
- Oxunub: 1770 |
- Tarix: 15-02-2021 |
-
Çap et |