Yanvarın 18-dən ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya tədbirlərinə başlanılıb. Mütəxəssislər qeyd edirlər ki, vaksinasiya COVID-19-a qarşı ən səmərəli mübarizə vasitəsidir və həyatın əvvəlki məcrasına qayıtması üçün zəruridir.
Həkim-infeksionist Arif Soltanov qəzetimizə açıqlamasında vaksinasiyanın əhəmiyyətindən danışıb, vaksin vurulmasının həkim göstərişi və nəzarəti ilə həyata keçirilirdiyini diqqətə çatdırıb. “Həkim müayinəsi olmadan heç kimə vaksin vurulmur. İndiyədək vaksin olunan heç kəsdə pisləşmə halına, ciddi reaksiyaya rast gəlinməyib”, - deyən A.Soltanov birinci dozadan 21-28 gün sonra ikinci dozanın vurulduğunu vurğulayıb.
Həkimin sözlərinə görə, ilk günlərin nəticələri göstərdi ki, Çinin “Sinovac” şirkətinin “CoronoVAC” vaksini təhlükəsiz və səmərəlidir: “Heç bir mənfi nəticələri yoxdur. “CoronoVAC” koronavirus əleyhinə peyvəndlər içərisində saxlanma temperaturu daha sadə olanıdır. Vaksinin 92 faizə yaxın effektiv olması təsdiq olunub ki, bu da kifayət qədər yüksək nəticə hesab oluna bilər. Onun əsas üstünlüklərindən biri də inaktiv üsulla hazırlanmasıdır. Bildiyiniz kimi, inaktiv vaksinlər daha təhlükəsiz hesab olunur”.
“Bu gün Azərbaycan peyvəndin tətbiqinə başlayan ilk ölkələrin sırasındadır. Bu, bir daha göstərir ki, dövlətimiz insanlarımızın sağlamlığına nə qədər böyük önəm verir. Kollektiv immunitet formalaşdıqdan sonra biz koronavirusun artıq təhlükə yaratmadığına əmin ola biləcəyik”, - deyə həkim-infeksionist Arif Soltanov vurğulayıb.
MÜŞFİQƏ
- Oxunub: 2220 |
- Tarix: 15-02-2021 |
-
Çap et |