11 fevral 2021-ci il tarixdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda geniş nitqlə çıxış edərək bir çox vacib məqamlara toxunmuşdur. Ölkə başçımızın çıxışına keçmədən öncə “Cənub Qaz Dəhlizi” ilə bağlı məlumatlara diqqət yetirək. Belə ki, "Cənub Qaz Dəhlizi" layihəsinin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənilməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və daha sonra Cənubi Avropaya ixracının təmin edilməsidir. Layihədə ümumilikdə yeddi ölkə iştirak edir. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da layihəyə qoşulmaq niyyətindədir. Yəni, “Cənub qaz dəhlizi”nin hələ bundan sonra da yeni “qol”larının olacağı gözlənilir.
Xüsusilə qeyd etmək istərdim ki, “Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi layihəsi olmaqla yanaşı, həm də enerji şaxələndirilməsi layihəsidir. Layihənin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti çox vacib olmaqla bu əhəmiyyət gələcəkdə daha da artacaqdır. Ona görə ki, hazırda Avropa ittifaqı istehlak etdiyi enerjinin yarıdan çoxunu, yəni təbii qazın 69-70%-ni, neftin isə 89%-ni Rusiya, Norveç və Əlcəzairdən idxal edir. Və bu layihə ilə birlikdə Avropanın həmin ölkələrdən asılılığı azaldılacaq və Avropanın enerji bazarı şaxələndiriləcəkdir. Beləliklə, Cənub Qaz Dəhlizinin iqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də var.
“Cənub Qaz Dəhlizi” layihəsi bir çox parametrlər üzrə də diqqət çəkən layihədir. Belə ki, 7 ölkəni birləşdirən və ümumi uzunluğu 3500 km olan layihənin ümumi dəyəri 33 milyard dollardır. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan – hündürlüyü 2500 m olan dağlardan, Adriatik dənizinin dibindən – keçir. Coğrafi olaraq çətinliyinə baxmayaraq Cənub Qaz Dəhlizi ən yüksək ekoloji standartlara cavab verir.
Bu layihənin bizim üçün xüsusi olmasının digər bir səbəbi də layihə nəticəsində tarixdə ilk dəfə Azərbaycanın öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olmasıdır. Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş olur. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir.
Qayıdaq günümüzün reallığına. Qeyd etdiyimiz kimi, ötən gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib. Ölkə başçımız iclasda çıxışı zamanı bildirmişdir ki, iclasda iştirak edən ölkələrin sayı əvvəlkindən artıqdır: 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı. Əlbəttə ki, bu sevindirici haldır. Çünki, bu onu göstərir ki, cəmi bir neçə il öncəyə qədər bir çoxları üçün qeyri-real görünən bu layihəyə maraq hazırda kifayət qədər yüksəkdir. Sözsüz ki, bu, Azərbaycanın tarixi nailiyyətidir. Çünki, “Cənub qaz dəhlizi”nin təşəbbüskarı məhz Azərbaycandır və layihənin əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürmüşdür.
İclasda çıxışı zamanı dövlət başçısı layihənin reallaşmasında dəstək verən və fəallıq göstərən ölkələrə və beynəlxalq maliyyə orqanlarına təşəkkürünü bildirdi. Xüsusi olaraq vurğulandı ki, bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür.
Çıxışının davamında ölkə başçısı Azərbaycanın gələcəklə bağlı planlarından söz açaraq vurğuladı ki, biz enerji resurslarımızı inkişaf etdirməyə davam edəcəyik. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Dövlət başçımız vurğuladı ki, xüsusilə 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağını qeyd etmək olar. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var və ümid edirik ki, orada hasilat gələn il başlayacaqdır. Digəri isə “Ümid” yatağıdır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənmiş ehtiyata malik olan yataqlardır ki, onlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına töhfə verəcəkdir. Kəşfiyyat mərhələsində olan digər layihələr də var və biz növbəti illərdə yeni kəşflərin olacağına ümid edirik. Ölkə başçısı növbəti olaraq Məşvərət Şurasının gələcək planları ilə bağlı fikrini bildirdi. Bildirildi ki, TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır.
Cənab Prezident növbəti olaraq bərpa edilən enerjiyə dair fikirlərini səsləndirdi ki, bu fikirlər iclasın ən diqqət çəkən anlarından idi. Belə ki, ölkə başçısı bildirdi ki, hazırda Azərbaycan dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindədir və artıq onların ikisi ilə inşaat üçün zəruri sənədlər imzalamışdır. Bunların biri günəş, digəri isə külək enerjisi stansiyalarıdır ki, onların toplam gücü 440 meqavatdır. Bu layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaqdır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yarandığını bildirən ölkə başçısı iclasa qoşulan ölkələri tərəfdaşlarımız olmağa dəvət etdi. Təbii ki, özünü etibarlı tərəfdaş və regional güc kimi təsdiq etməyi bacarmış Azərbaycan yeni beynəlxalq sərmayə cəlb etməklə həm böyük qayıdışın tezləşməsinə, həm də məskunlaşmanın təhlükəsizliyinə əlavə qarant formalaşdırmış olacaq.
Çıxışının sonunda cənab Prezident böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycanın böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalı olduğunu vurğuladı və əlavə etdi ki, biz məhz bununla məşğuluq.
Beləliklə, “Cənub Qaz Dəhlizi” layihəsi həm Azərbaycan, həm də bütün iştirakçı ölkə və şirkətlər üçün əlverişli layihədir. Burada bütün iştirakçılar mənfəət əldə etməkdədir. Qeyd edək ki, sözü gedən layihə ilə birlikdə Azərbaycanın regionda və Avropada əhəmiyyəti artacaq, Azərbaycanla Qərb arasında münasibətlər daha yüksək pilləyə qalxacaqdır. Bununla yanaşı, region ölkələri öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbəyə sahib olacaqdır. “Cənub Qaz Dəhlizinin” Azərbaycan üçün yaratdığı üstünlüklərdən birini xüsusi olaraq vurğulamaq istərdim ki, bu layihənin tamamlanmasının bizim üçün ən mühüm nəticəsi bölgədə təhlükəsizlik üçün qarantlardan birinə çevrilməsidir. Belə ki, layihə 7 ölkəni birləşdirir. Cənub Qaz Dəhlizi iqtisadi və maliyyə sisteminə, milli gəlirinə birbaşa təsir etməklə 7 dövlətin milli marağının cəmləşdiyi bir nöqtədir və bölgədə bu layihəni təhdid edən istənilən amil bu dövlətlər üçün təhdid deməkdir. Belə olan halda bölgənin təhlükəsizliyi həmin ölkələr üçün əsas halına gəlir.
Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir. Ölkəmizdə mövcud olan əvvəlki layihələrlə bərabər “Cənub qaz dəhlizi” Azərbaycan iqtisadiyyatına yeni faydalar verməklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına investisiya yatırılması və iqtisadiyyatın tamamilə dəyişdirilməsi üçün enerji ehtiyatlarından səmərəli istifadə olunmasına mühüm töhfə verəcəkdir.
Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü
- Oxunub: 2580 |
- Tarix: 13-02-2021 |
-
Çap et |