Dövlət başçısının imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən perspektivdə regionların milli gəlirdə payının artırılması təmin ediləcək
Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan çoxvektorlu islahatlar, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizin müsbət spesifik cəhətləri ilə fərqlənən nümunəvi sosial-iqtisadi inkişaf modelini formalaşdırıb. Nəticə olaraq respublikamızın iqtisadi potensialı və maliyyə imkanları əhəmiyyətli dərəcədə artıb. Bunlar, həmçinin üç onillik ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi, həmin ərazilərin geniş potensialının milli iqtisadiyyatımıza inteqrasiyası imkanlarının yaranması ölkənin qarşısında yeni inkişaf perspektivləri açıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2 fevral 2021-ci il tarixində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.
Regionların sosial-iqtisadi inkişafı istiqamətində zəruri tədbirlərin davam etdirilməsi strateji hədəflərə çatmağa imkan verir
Azərbaycanın dövlət başçısının imzaladığı bəhs olunan Sərəncamla təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əslində ölkəmizin 2021-2030-cu illəri əhatə edən yeni sosial-iqtisadi inkişaf dövrü üçün yol xəritəsidir. Sənədin əsas özəlliyi ondan ibarətdir ki, perspektiv üçün inkişaf prioritetləri müəyyənləşdirilərkən ölkəmizin müstəqillik illərində keçdiyi yola, ələlxüsus da son 17 ildə yaradılan möhkəm bazaya istinad edilib. Beləliklə, sənədin müddəalarına əsasən, deyə bilərik ki, burada keçmiş, bu gün və gələcək üzvi şəkildə əlaqələndirilib. Bütövlükdə, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetləridir.
Diqqəti çəkən əsas məqamlardan biri odur ki, müəyyənləşdirilən yeni prioritetlər respublikamızda müvafiq Dövlət proqramları vasitəsilə uğurla reallaşdırılan regional inkişaf strategiyası ilə uzlaşır. Bu, o deməkdir ki, regionların sosial-iqtisadi inkişafı yeni mərhələdə də diqqət mərkəzində saxlanılacaq. Sənəddə əks olunan dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət prioriteti üzrə qarşıya qoyulan əsas məqsədlərdən biri paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Uzunmüddətli dövrdə regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdiriləcək. Sənəddə vurğulanır ki, regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.
Son 17 ildə ölkə üzrə yaradılan müasir infrastruktur yeni dövrdə dinamik sosial-iqtisadi inkişaf üçün möhkəm bazanı təmin edir
Qeyd etdiyimiz kimi, yeni mərhələdə ölkəmizin sosial-iqtisadi inkişafı varislik prinsipi əsasında təmin ediləcək. Bu baxımdan son 17 ildə ölkə üzrə yaradılan müasir infrastruktur böyük önəm daşıyır. Bəhs olunan dövrdə respublikamızın bölgələrində regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində reallaşdırılan infrastruktur layihələri müxtəlif istiqamətləri əhatə edib. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri ondan ibarətdir ki, Azərbaycanın hər bir yaşayış məntəqəsi müasir yollarla təmin olunmalıdır. Respublikamızda hər il təxminən 1000 kilometr yol yenidən qurulur. Son 17 ildə ölkə üzrə uzunluğu 17 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib.
Son 17 ildə dövlət başçımızın siyasi iradəsinə uyğun olaraq enerji sisteminin dayanıqlılığının artırılmasına böyük həcmlərdə investisiyalar yönəldilib. Bəhs olunan dövdə respublikamızda yeni generasiya güclərinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Bütövlükdə, son 17 ildə ölkə üzrə güc artımının saldosu 1518,6 MVt təşkil edib.
İndiyədək regional inkişaf proqramlarının icrası çərçivəsində bölgələrdə su layihələrinin icrası, o cümlədən əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Respublikamızda Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə kimi su anbarlarının yaradılması ölkəmizin su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması baxımından strateji önəm daşıyır.
Daxili istehlakçıların “mavi yanacaq”a olan tələbatının dolğun şəkildə ödənilməsi Azərbaycanın məqsədyönlü enerji siyasətinin prioritetini təşkil edir. İndiyədək reallaşdırılan layihələr sayəsində respublikamızda 2020-ci ildə qazlaşdırmanın səviyyəsi 96 faizə yüksəlib ki, bu da böyük nailiyyətdir. Böyük həcmlərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müasir infrastruktur həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır ki, bu da yeni dövr üçün müəyyənləşdirilən prioritetlərlə üst-üstə düşür. Son 17 ildə ölkə üzrə yaradılan müasir infrastruktur yeni dövrdə güclü sosial-iqtisadi inkişaf üçün möhkəm bazanı təmin edir. Sənəddə bütün ölkə üzrə yaradılan müasir infrastrukturun perspektiv inkişaf baxımından önəminə diqqət çəkilərək vurğulanıb ki, regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır.
Yeni dövr üçün müəyyənləşdirilən prioritetlərdən bəlli olur ki, ölkəmizdə infrastruktur quruculuğu bundan sonra da diqqət mərkəzində saxlanılacaq. Bu, ilk növbədə, davamlı və yüksək iqtisadi artımı təmin etmək üçün lazımdır. Sənəddə vurğulanır ki, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir.
İşğaldan azad edilən ərazilər ölkənin ən abad guşələrindən birinə çevriləcək
Yeni dövr üçün müəyyənləşdirilən Milli Prioritetlərdən biri işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlıdır. Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq düşməni kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atmağa məcbur etdi. Vətən müharibəsində özünün ərazi bütövlüyünü tam təmin edən respublikamız hazırda Böyük Qayıdış ərəfəsindədir.
Azərbaycan işğaldan təmizlənən ərazilərə Böyük Qayıdışı planlı şəkildə həyata keçirəcək. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, burada hər hansı özfəaliyyət yolverilməzdir. Böyük Qayıdışın və bərpa işlərinin ilkin mərhələsində ərazilər minalardan təmizlənəcək və zəruri infrastruktur yaradılacaq. Artıq bir sıra layihələrin icrasına start verilib. İşğaldan təmizlənən ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin ediləcək, bu region ölkənin ən abad guşələrindən birinə çevriləcək. Sənəddə qeyd olunur ki, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prioritetinin reallaşdırılması üçün iki məqsədə - dayanıqlı məskunlaşmaya və iqtisadi fəaliyyətə reinteqrasiyaya nail olunması hədəflənib. Böyük Qayıdış Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma ev-eşiklərindən didərgin düşən və üç onillik ərzində ağır qaçqınlıq taleyi yaşayan məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların işğaldan təmizlənən ərazilərdə əbədi məskunlaşmaları üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün bəhs olunan ərazilərdə layiqli yaşayışın və müasir xidmətlərə əlçatanlığın təmin olunması üçün zəruri tədbirlər görüləcək. Qarşıya regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması hədəfi qoyulub.
Yeni dövr üçün müəyyənləşdirilən prioritetlərə əsasən, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial həyatında tarixi mövqeyi bərpa edilməlidir. Sənəddə vurğulanır ki, yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcəkdir. Bütövlükdə, işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ilə ölkəmizdə regional inkişaf proqramının əhatə dairəsi daha da genişlənəcək.
Mübariz ABDULLAYEV
- Oxunub: 2010 |
- Tarix: 12-02-2021 |
-
Çap et |