Rusiyanın “Lenta.ru” portalı “Nature” jurnalına istinadən xəbər verir ki, alman alimlərinin tədqiqatlarınının nəticəsinə görə, buz dövründə Şimal Buzlu okeanın suyu, demək olar ki, şirin olub və qalın buz qatı ilə örtülü imiş. “Nature” jurnalında dərc etdikləri tədqiqat işinin nəticələrinə görə, dəniz çöküntülərində torium-230 izotoplarının olmaması müəlliflərin belə bir qənaətə gəlməsinə əsas verib. Alimlər iddia edirlər ki, Şimal Buzlu okean ən azı iki dəfə şirin su ilə dolu olub: 62-70 min və 131-150 min il bundan əvvəl. Qeyd edildiyi kimi, tədqiqat işinin müəllifləri o dövrlərdə okeanın duzluluğunu dəniz suyunda əriyən uranın çürüməsi zamanı çıxan və qabıqlarda dəniz dibinə batan, çöküntülərə düşən torium-230 miqdarı ilə təyin ediblər.
Tədqiqatçılar Arktikadan və Şimal dənizlərindən çökmə süxurlarının nümunələrini tədqiq edərək son 200 min il ərzində torium izotoplarının miqdarında gözlənilməz minimumlar aşkar ediblər. Çöküntülərdə toriumun sirli şəkildə olmaması tədqiq olunan sahələrindəki suda meydana gəlmədiyini göstərir. Torium suda əmələ gəlmirsə, deməli, okean suyunda həll olmuş duzlar olmayıb. Hesablamalara görə, Şimal Buzlu okeanda doqquz milyon kubkilometr (okeanın ümumi həcminin təxminən yarısı) təmiz şirin su olub. Şimal və Arktika dənizlərinə Atlantik okeanından gələn duzlu su axınının qarşısını alan isə buz şelfləri ola bilər. Eyni zamanda, həmin dövrda ərimiş buzlaqlar və yağıntılar okeanın duzluluğunu minimuma endirirmiş.
- Oxunub: 2040 |
- Tarix: 11-02-2021 |
-
Çap et |