Fevralın 11-də Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən yeni inzibati bina kompleksinə mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən təşkil olunan mediaturun məqsədi yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olmaq, habelə bu barədə geniş ictimaiyyəti məlumatlandırmaqdır.
Mediatura rəhbərlik edən Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov ölkəmizdə həyata keçirilən fəal hüquq-mühafizə siyasəti və yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması, müasir inzibati binaların inşasının davam etdirildiyi barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, inşasına 2018-ci ildə başlanılan kompleksin fevralın 8-də keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Əməkdaşların səmərəli fəaliyyəti üçün bütün imkanların yaradıldığı inzibati bina prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, işin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına da xidmət edir.
K.Zeynalov bildirib ki, dörd korpusdan ibarət kompleksin altı və dörd mərtəbəli iki inzibati binasında Baş Prokurorluğun altı idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcəkdir. Kompleksin hər biri dörd mərtəbədən ibarət olan iki binasında isə yataqxana və konfrans korpusları yerləşir.
Bildirilib ki, bina kompleksi səkkiz sürətli lift, ehtiyat işıq generatoru, müasir havalandırma sistemləri, IP telefoniya, təhlükəsizlik kameraları, avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz olunub.
İnzibati binada yaradılmış üç iclas və 320 nəfərlik konfrans zallarında müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları və təqdimatların keçirilməsi üçün hər cür imkan var. Kompleksin ümumi sahəsi 16 min 600 kvadratmetrdir. Kompleksin zirzəmisində xidməti avtomobillər üçün dayanacaq və texniki otaqlar da yaradılıb.
Qeyd olunub ki, kompleksin ətrafı abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, əməkdaşların işdən sonrakı vaxtlarda bədən tərbiyəsi ilə məşğul olmaları üçün stadion inşa edilib.
- Oxunub: 2190 |
- Tarix: 11-02-2021 |
-
Çap et |