Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsinin birinci mərhələsinin qalibləri ilə görüş və layihələrinin təqdimatı keçirilib.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqə proqramının hazırkı – Əmircan, Ramana və Pirşağı üzrə təşkil edilmiş mərhələsində münsiflər heyəti 53 iştirakçıdan ümumilikdə 12 ən yaxşı layihəni qalib seçib. Müsabiqədə münsiflər üstünlüyü qəsəbələrin infrastruktur problemlərini daha dərindən araşdırmış, habelə ərazilərin inkişafı ilə bağlı təkliflərində tarixi-memarlıq irsin qorunması, yerli əhalinin maraqlarının təmin olunması, eyni zamanda, müasir tələblərə cavab verən yaşayış mühitinin yaradılması, turizmin inkişafı arasında daha tarazlı yanaşma irəli sürmüş iddiaçılara veriblər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyev tərəfindən ölkə ərazisində yenidənqurma və şəhərsalma proseslərinin planlı və sistemli aparılmasının prioritet məsələ kimi müəyyən olunduğunu xüsusi qeyd edərək bu işdə layihəçilərin böyük rolunu vurğulayıb: “Gənc layihəçilər ölkəmizdə gedən şəhərsalma proseslərindən kənarda qalmamalı, fəal iştirak etməlidirlər. Sevindirici haldır ki, bu gün Abşeronun bəzi qəsəbələrini əhatə edən memarlıq müsabiqəsinin birinci mərhələsinin iştirakçılarının böyük qismini gənclər təşkil edir. Komitə memarlıq və şəhərsalma sahəsində ixtisaslaşmış bütün gənclərə hər zaman dəstək göstərməyə hazırdır və onları fəal əməkdaşlığa dəvət edir”.
Tədbirin sonunda qaliblərə diplomları təqdim edən A.Quliyev Abşeronda milli incəsənət ruhunu yaşatmaq və tarixi-memarlıq ənənələrini qoruyaraq gələcək nəsillərə ötürmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yarımadanın digər qəsəbələrini də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
Qeyd edək ki, “Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsinin hazırkı mərhələsi komitənin təşəbbüsü ilə Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil edilib və ümumi mükafat fondu 60 min manat müəyyən olunub.
- Oxunub: 1980 |
- Tarix: 11-02-2021 |
-
Çap et |