Fevralın 11-də Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisindəki yeni inzibati bina kompleksində “Qarabağ Azərbaycandır” kitabının və “Qanun keşikçiləri” adlı bədii-sənədli filmin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində iştirak edən Baş prokuror Kamran Əliyev və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək dövlətimizin başçısının prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğıdan danışıblar.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə təqdimat mərasimində çıxış edərək bildirib ki, kitab “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının redaksiya heyəti tərəfindən hazırlanıb. Nəşrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik qabiliyyətinin, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığının və hərbi qüdrətinin təzahürü olan şanlı Vətən müharibəsində parlaq Qələbə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə, yardıma ehtiyacı olan ailələrə göstərdiyi xeyirxah və nəcib qayğı, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə törədilən sülh və insanlıq əleyhinə cinayətlərin Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən ifşa olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən tədbirlər geniş işıqlandırılıb.
Vurğulanıb ki, 5 bölmədən ibarət 590 səhifəlik kitab Baş prokuror Kamran Əliyevin müəllifi olduğu “Müqəddimə” ilə başlayır. Kitabın “Ölkədə” adlandırılan birinci bölməsində dövlətimizin başçısı İlham Əliyevin Vətən müharibəsi dövründə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi fəaliyyəti, keçirdiyi görüşlər, imzaladığı fərman və sərəncamlar, Təhlükəsizlik Şurasının iclasları, komanda-qərargah toplantıları, xalqa müraciətləri, işğaldan azad edilmiş ərazilərə səfərləri barədə məlumatlar yer alıb.
Daha sonra “Qanun keşikçiləri” filminin təqdimatı keçirilib.
Tədbirdə, həmçinin Baş Prokurorluğun Kriminalistika və informasiya idarəsinin rəisi Murad Dadaşov mobil vətəndaşlıq müraciəti proqramı barədə məlumat verib. Qeyd olunub ki, vətəndaşların prokurorluq orqanlarına müraciətlərini daha da asanlaşdırmaq üçün mobil tətbiq proqramı yaradılıb.
- Oxunub: 2280 |
- Tarix: 11-02-2021 |
-
Çap et |