Niderlandın nüfuzlu “De Volksrant” qəzetinin müxbirləri Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalan şəhərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov müxbirlər Jarl Ploeg və Frederik Berghə dünyada müalicə və sağlamlıq turizminin unikal məkanlarından biri kimi tanınan və öz şöhrətini ildən-ilə artıran Naftalan haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Naftalan şəhərinin ölkəmizin ən nüfuzlu beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsi üçün turizm sektoru ilə yanaşı, şəhər infrastrukturu da inkişaf etdirilir və bu istiqamətdə sosial layihələr icra olunur. Belə ki, şəhərdə hərəkət məhdudiyyəti olanların və uşaq arabalarının rahat hərəkətini təmin etmək üçün panduslar quraşdırılıb, regionda ilk dəfə olaraq “Little free library” kitabxanası bu şəhərdə fəaliyyətə başlayıb.
Qeyd edilib ki, yeni qəbul olunmuş AZS 886:2020 “Naftalan nefti nativ: Ümumi tələblər” dövlət standartının tətbiqi Naftalan kurortunun ölkədə rəqabət qabiliyyətliliyinin artırılmasına, yerli və xarici turistlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi turizmin inkişafına təkan verəcək.
Unikal kimyəvi tərkibinə və müalicəvi əhəmiyyətinə görə dünyada böyük şöhrətə malik Naftalan nefti ilə yaxından tanışlıq üçün niderlandlı müxbirlər “Garabag Resort & SPA Naftalan”da olublar.
Qonaqlar Naftalan nefti ilə müalicə prosedurunu izləyiblər. Jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb. Sonra avropalı jurnalistlər Naftalan neftinin quyulardan çıxdığı ərazidə olublar.
Daha sonra avropalı müxbirlər Vətən müharibəsi dövründə Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində düşmənin artilleriya atəşi nəticəsində dağılmış Nadir Qurbanovun evinə gəliblər. Məlumat verilib ki, müharibənin başladığı ilk günlərdən dinc azərbaycanlı əhalini hədəfə alan Ermənistan ordusunun növbəti artilleriya atəşi nəticəsində Qurbanovlar ailəsinin 5 üzvü həlak olub.
- Oxunub: 2040 |
- Tarix: 11-02-2021 |
-
Çap et |