Ötən il 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə, şübhəsiz ki, xalqımızın milli birliyinin, ölkə Prezidentinin qətiyyətinin və ordunun gücünün məntiqi nəticəsi idi. Məhz bu amillər torpaqlarımızın düşmən tapdağından azad olunmasında, ərazi bütövlüyümüzün təminində əsaslı rol oynadı. Ən əsası isə, bu Zəfər xalq-dövlət birliyinin sarsılmazlığının simvoluna çevrildi.
Qələbənin əldə olunmasının ardından tələm-tələsik sosial şəbəkələrə “köçən” radikal müxalifət isə yenidən antimilli xislətinə uyğun olaraq bu zəfərə kölgə salmağa, bir vaxtlar məhz onların günahı ucbatından işğal altına düşmüş torpaqların azad olunmasına sevinmək yerinə min bir yalanla bu qələbəni kiçiltməyə cəhd göstərdilər. Təəssüf ki, analoji xətt yenə də davam etməkdədir. Bu gün sosial şəbəkələrdə “bütün gücü”nü AXC-“Müsavat” cütlüyünün Şuşanın işğalındakı günahından, daha dəqiq desək xəyanətindən diqqəti yayındırmağa yönləndirmiş Əli Kərimli min bir yalanla, manipulyasiya ilə özünə və şəriklərinə haqq qazandırmağa çalışır. Necə deyərlər, yenə də gah nala, gah mıxa vuran AXCP sədrinin son günlərdə yenidən ard-arda məhz Şuşanın vaxtı ilə ermənilər tərəfindən işğalı haqqında danışarkən qeyri-real fikirlər səsləndirməsi, köhnə günləri “xatırlaması”, hətta Azərbaycan Ordusunun 2020-ci il zəfərini belə kiçiltməyə çalışması bunların təcəssümüdür. Amma yaxın keçmiş haqqında bu qədər rahat yalanlar danışmaq mümkündürmü? Əsla. Çünki hər kəs o dövrdə baş verənləri yaxşı xatırlayır.
1992-ci ilin mayında Şuşanın və Laçının ermənilər tərəfindən işğalı zamanı hakimiyyət uğrunda mübarizə aparan AXC-“Müsavat” cütlüyünün cəbhədə döyüşən qüvvələri Bakıya cəlb etməsini necə danmaq olar? İlk növbədə, onu vurğulamaq lazımdır ki, istər Əli Kərimli istərsə də “xalq cəbhəsi”nin digər “başbilənləri” həmin dövrdə “ordu” adlandırdıqları silahlı birlikləri öz əllərində saxlayırdılar. Bu silahlı qruplaşmaların əksəriyyəti isə həmin “siyasi lider”lərin hakimiyyət mübarizəsi, daha dəqiq desək, kreslo savaşı üçün təlimatlandırılmışdı. Əli Kərimli bunu necə dana bilər? O zaman hakimiyyəti qəsb etmək üçün hətta Bakıya ağır texnika yeridən cəbhəçi “liderlər” bununla da özlərinin əsl məqsədlərini ortaya qoydular. Demək ki, AXC-“Müsavat” üçün əsas məqsəd torpaqların işğal olunmasına bu və ya digər şəkildə mane olmaq yox, hakimiyyəti ələ almaq idi. AXC buna nail oldusa belə, hakimiyyətdə olduğu bir il ərzində ölkəyə, xalqa elə bir zərbə vurdu ki, altından onilliklərlə çıxmaq mümkün olmadı.
Bu baxımdan Əli Kərimli və onun kimiləri indi qazanılan zəfərə kölgə salmağa çalışmaqdansa papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşsinlər. Fikirləşə bilmirlərsə, bir daha onlara xatırladaq ki, 2020-ci il qələbəsinin arxasında dövlətin gücü, qüdrəti, nizami ordusu, hakimiyyəti qətiyyətlə dəstəkləyən xalqı dayanmışdı. Bu gün Azərbaycan Ordusu birmənalı şəkildə xalqın, dövlətin maraqlarının qoruyucusudur. Bu torpaq uğrunda canından, sağlamlığından keçən hər bir əsgərimiz, zabitimiz qələbənin təminində rol oynayıb. Bu gün dövlət onların bütün problemlərini diqqət mərkəzində saxlayır, işğaldan azad edilən yurdlarımızın bərpası üçün önəmli addımlar atılır. Artıq Şuşa, Laçın, Kəlbəcər və digər regionlarımız haqqında ürək dolusu danışa bilirik. Əli Kərimli kimilər isə bu sevinən ürəkləri bulandırmaqdan başqa bir işə yaramırlar...
- Oxunub: 2010 |
- Tarix: 11-02-2021 |
-
Çap et |