“İşğal altında olan torpaqların azad edilməsindən sonra dövlətimizin və cəmiyyətimizin qarşısında dayanan ən mühüm məsələlərdən biri də şəhid ailələrinə və qazilərə qayğı göstərilməsidir. Həmin kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mühüm işlər görülür”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədrinin sözlərinə görə, şəhid ailələrinin, yaralı hərbçilərin sosial müdafiəsinin təmin olunması həmişə dövlətin diqqət mərkəzində olub: “Şəhid qardaşı kimi deyə bilərəm ki, əvvəlki dövrdə də şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Vətən müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlanıb. Prezidentimizin imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam həmin kateqoriyadan olan vətəndaşlara diqqət və qayğının daha bir göstəricisidir”.
“Ötən dövr ərzində şəhid ailələrinin, müharibə əlillərinin və Milli qəhrəmanların təqaüdləri artırılıb. Vətən müharibəsində iştirak edən və ya şəhid olanların ailələri ilə bağlı son aylarda dövlət tərəfindən sosial ödənişlər təyin olunması, şəhid olan və müharibə iştirakçısı olanların ailələrinin özünüməşğulluq proqramlarına cəlb edilməsi, sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilməsi davam edir. Bütün bunlar onu göstərir ki, Vətənin bütövlüyü uğrunda döyüşənlər dövlətin diqqətindən kənarda qalmır və bundan sonra da qalmayacaqlar”, - deyə S.Əsədov bildirib.
Q.RAMAZANOV
- Oxunub: 3540 |
- Tarix: 11-02-2021 |
-
Çap et |