Yeni növ koronavirus (COVID-19) infeksiyası bütün orqanlara, xüsusilə də ağciyərlərə ciddi mənfi təsir edir. Ağciyər xəstələri COVID-19 virusunun yüksək risk qrupuna daxildirlər. Araşdırmalar göstərir ki, infeksiya səbəbindən insanın tənəffüs sisteminin işi çətinləşir və onun ağciyərləri zədələnir. Xəstələndikdən sonra ağciyərlərdə fibroz dəyişikliklər əmələ gəlir.
Həkim-pulmonoloq Günel Əliyeva qəzetimizə açıqlamasında ağciyərlərin bərpasında müsbət nəticə verə biləcək metodları açıqlayıb. Həkim koronavirusdan sonra ciyərləri bərpa etməyin bir neçə yolu olduğunu deyib: “Koronavirusdan sağalanların ağciyərləri çox uzun müddət ərzində bərpa olunur. Ancaq bu müddət hər bir insanın orqanizminin fərdi xüsusiyyətlərindən asılıdır. Bunun üçün insanların səy göstərmələri lazımdır”.
O, bərpa prosesinin öhdəsindən təkbaşına gəlməyin çətin olduğunu vurğulayıb: “Bu baxımdan, həkimlərə, xüsusən müalicəni təyin edəcək pulmonoloqa müraciət etməlisiniz. Həmçinin bərpaedici prosedurlara - fiziki terapiyaya, xüsusi gimnastikaya başlamaqda fayda var. Ağciyələrin bərpasına üzgüçülük kömək edir. Fiziki aktivliyi artırmaq, nəfəsalma idmanlarını etməklə çətin nəfəsalmanı azaltmaq olar. Reabilitasiya prosesi həmişə xəstənin yaşına, bədəninin xüsusiyyətlərinə, xəstəliyin gedişatına əsaslanaraq fərdi olur”.
Həkimin sözlərinə görə, rahat templə piyada gəzmək çox xeyirlidir: “İndiki soyuq havada çox az adam çöldə gəzməyi sevir. Xüsusilə ağciyər xəstəlikləri olanlar tez-tez şikayət etdikləri üçün aşağı temperaturdan çəkinirlər. Buna baxmayaraq, immunitet sisteminizi gücləndirmək üçün gündəlik gəzinti tövsiyə olunur. Həmçinin gün ərzində bədən çəkisinə uyğun olaraq maye qəbul edilməlidir. Bu, zəhərləyici maddələrin orqanizmə təsirinin azaldılması üçün məsləhət görülür. Bundan başqa, tərkibi kalsium, dəmir və sinklə zəngin olan qidaların, qatığın gündəlik qəbulu tövsiyə olunur”.
MÜŞFİQƏ
- Oxunub: 3420 |
- Tarix: 11-02-2021 |
-
Çap et |