Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundovun bu ölkədə fəaliyyət göstərən İsrail üzrə İnformasiya və Sənədləşmə Mərkəzinin (CIDI) direktoru, “Əmək” partiyasının xarici əlaqələr komitəsinin sözçüsü Hanna Ludenlə virtual formatda görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-İsrail münasibətlərinə toxunulub, CIDI-nin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan–İsrail əlaqələrinin müsbət inkişafından, ölkəmizdə yaşayan yəhudi icmasının fəaliyyətindən, Qubadakı Qırmızı qəsəbədə yəhudilərin kompakt şəkildə yaşamasından söz açan səfir F.Axundov bu icmanın İslam dünyasında, eləcə də Cənubi Qafqazda yaşayan ən böyük yəhudi icması olduğunu bildirib. Həmçinin Azərbaycan xalqının yəhudilərlə uzunəsrlik dostluq münasibətlərindən danışıb. Ölkəmizdə sinaqoqların, yəhudi mərkəzlərinin fəaliyyət göstərdiyi, Azərbaycan-İsrail münasibətlərinin tarixi dostluğa söykəndiyi diqqətə çatdırılıb.
Diplomat Birinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə rəşadət göstərərək həyatını qurban vermiş yəhudi Albert Aqarunovun “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü qeyd edərək, onun xatirəsinə Bakıda abidə ucaldıldığını deyib.
Ətraflı məlumata görə təşəkkürünü bildirən CIDI-nın direktoru Hanna Luden Azərbaycan haqqında məlumatları həvəslə izlədiyini qeyd edib. O, Azərbaycanda yaşayan yəhudi icması ilə maraqlandığını, Niderlandda, eləcə də İsraildə bir çox azərbaycanlılarla, hətta İsrail parlamentində yəhudi əsilli azərbaycanlı millət vəkili ilə görüşlərindən danışıb, ölkəmizi ziyarət etmək arzusunu ifadə edib.
Videogörüşdə səfir artıq geridə qalmış Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Bildirib ki, Ermənistan ölkəmizə qarşı hərbi təcavüz həyata keçirərək, etnik təmizləmə siyasəti aparıb. Ermənistan 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayıb, doğma yurdlarından didərgin salınmış 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını kobud şəkildə pozub. Qarabağ müharibəsinin əsas mahiyyəti təhrif edilib, o, dini və ya etnik müharibə kimi qələmə verilib. Halbuki, Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının nümayəndələri də qəhrəmancasına döyüşərək şəhid olublar.
F.Axundov İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələrinin münaqişə zonasından kənarda yerləşən Gəncə, Bərdə kimi şəhərlərin mülki əhalisini ballistik raketlərlə hədəfə aldığını və çoxsaylı mülki şəxsin həlak olduğunu qeyd edib.
1992-ci ilin fevralın 26-da erməni silahlı qüvvələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı haqqında məlumat verən diplomat bir gecədə 613 nəfər, o cümlədən qadın, uşaq və qocaların ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. Bu soyqırımın Ermənistanın sabiq rəhbərliyi tərəfindən etiraf edildiyini vurğulayıb.
F.Axundov İkinci Dünya müharibəsi zamanı digər millətlərlə yanaşı, eyni zamanda, çoxsaylı yəhudinin də qatili olmuş Qaregin Njdenin Ermənistanda qəhrəmanlaşdırıldığını və ona abidənin qoyulduğunu, bu ölkədə yüksək antisemitizm meyillərinin mövcud olduğunu və İsrailin Diaspor Nazirliyi tərəfindən də bu faktın müvafiq hesabatda etiraf edildiyini xatırladıb.
H. Luden Qarabağ münaqişəsi ətrafında davamlı sülhün əldə edilməsinin vacib olduğunu bildirib.
Görüşdə gələcəkdə Niderlandda birgə layihələrin həyata keçirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, bu barədə razılıq əldə edilib.
- Oxunub: 2040 |
- Tarix: 10-02-2021 |
-
Çap et |