Radikal müxalifətin milli maraqlarımıza zidd fəaliyyət göstərməsi, xaricdəki anti-azərbaycançı mərkəzlərin əlində alət olması yeni məsələ deyil. Bütün bunlar Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Özünü “Milli şura” adlandıran, əslində isə fəaliyyətində antimilli şura olduğunu təsdiq etmiş qondarma qurumda birləşənlərin məqsədi yalnız və yalnız Azərbaycanın uğurlarına kölgə salmaqdan ibarətdir.
Yəni, radikal düşərgə, “beşinci kolon”un təmsilçiləri Azərbaycanın artan gücü, beynəlxalq mövqelərinin möhkəmlənməsi fonunda hər zaman xaricdəki ermənipərəst mərkəzlərdən aldıqları tapşırıqlar əsasında dövlətimizin imicinə zərbə vurmağa çalışıblar. Hətta onlar şəhidlərimizin qanı hesabına Vətən müharibəsində qazanılan qələbəni də kiçiltməkdən utanmırlar. Bu, radikalların gündəlik “onlayn” fəaliyyətinin əsas tərkib hissəsidir.
İş o yerə çatıb ki, antimilli ünsürlər koronavirusa qarşı mübarizə tədbirlərinə də öz “prizma”larından yanaşırlar. Bunu AXCP funksioneri Nurəddin Məmmədlinin özünün “facebook” səhifəsində paylaşdığı gülünc iddialarında da görmək mümkündür. Belə ki, mütəxəssislər dünyada, o cümlədən ölkəmizdə vaksinasiya prosesinin başlanmasını pandemiya ilə mübarizədə effektiv nəticələr verəcəyini bildirirlər. Amma Nurəddin Məmmədli burada özünün “dərin məntiq”ini işə salaraq hesab edib ki, müxalifətçi olduğu üçün peyvənd məsələsində də mütləq hakimiyyəti tənqid etmək lazımdır. Onun iddiasına görə, guya hakimiyyət məmurlar üçün xüsusi peyvənd alıb. Lakin onun bu iddiası sadəcə cəmiyyətdə istehza doğurub.
Bu məqamda xatırladaq ki, koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycanda dövlət rəhbərliyi tərəfindən ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə ölkəmizdə görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim edib.
Hazırda da ölkəmizdə koronavirusla mübarizə uğurla davam etdirilir. Bu gün dövlətin görmüş olduğu önləyici tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında azalma müşahidə olunur. Nurəddin Məmmədlinin toxunduğu, daha doğrusu, əsassız iddialar səsləndirdiyi məsələyə gəlincə məlumat üçün bildirək ki, ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesinə isə yanvarın 18-dən başlanılıb və uğurla davam etdirilir. Azərbaycanın aldığı Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini bir neçə ölkədə kliniki sınaqlardan keçirilib və mənfi təsiri aşkarlanmayıb. Artıq bir neçə gün öncə yaşı 65-dən yuxarı olan vətəndaşların da vaksinasiyasına başlanılıb. Son günlərdə virusa yoluxma sayının əhəmiyyətli dərəcədə azalması da məhz dövlət tərəfindən görülən işlərin uğurlu nəticəsidir.
Belə olan halda, N.Məmmədlinin “müxalifətçilik naminə” kor-koranə olaraq hər şeyi tənqid etmək, ağa-qara demək cəhdləri sadəcə olaraq bir daha dağıdıcı düşər təmsilçilərinin gerçək üzünü bu cəmiyyətə nümayiş etdirir. Yəni görünən odur ki, radikallar vaksinasiya prosesindən də siyasi xal toplamağa çalışırlar.
Nardar BAYRAMLI
- Oxunub: 1980 |
- Tarix: 10-02-2021 |
-
Çap et |