Dil sümüksüzdür - istədiyin tərəfə çevirə bilərsən. Ancaq dil barədə bu fikir daha çox məcazi mənada işlədilir. Yəni adam ağlına korluq verməyib hər şeyi həftəbecər kimi bir-birinə qataraq gah ondan, gah da bundan danışanda deyirlər ki, dil sümüksüzdür, qoy danışsın. AXCP sədri Əli Kərimli belə adamlara tipik nümunədir. Adam ömrünü-gününü sosial şəbəkələrdə, ələlxüsus da xaricdə “lövbər” salan Sevinc Osmanqızının, Qənimət Zahidin və digərlərinin internet televiziyalarında hədyanlar danışmaqla keçirir. Saf-çürük edəndə görürsən ki, adını partiya sədri, qondarma “Milli şura”nın başbiləni qoyan bu şəxsin danışdıqları cəfəngiyyatdan başqa bir şey deyil. O, necə deyərlər, qərəzli fikir - yalan və iftira istehsalı ilə məşğuldur, sadəcə olaraq.
Bir neçə gün bundan əvvəl Ə.Kərimli S.Osmanqızının internet kanalında ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti sayəsində qazandığımız şanlı qələbəyə növbəti dəfə kölgə salmağa cəhd göstərdi. Əslində, bu, AXCP sədri üçün yenilik deyildi - o, bundan əvvəl də belə fikirlər səsləndirmişdi. Ə.Kərimlinin “yeni” fikri isə guya milli birlik mövzusunda danışmasıdır. Kim, kim, Əli Kərimli milli birlikdən danışır(!). Paradoksaldır... Axı ortada Əli Kərimlinin heç də xoş təəssüratlarla yadda qalmayan keçmişi, dünəni, bu günü var. Həmçinin heç uzağa getməyək... Vətən müharibəsi dövründə ölkəmizdəki əksər partiyaların təmsilçiləri siyasi baxışlarını bir kənara qoydular və sözün əsl mənasında, birlik nümayiş etdirdilər, bəyanat verdilər ki, ölkənin milli maraqları, ərazi bütövlüyümüz onlar üçün hər şeyin fövqündə dayanır. Lakin həmin real birlikdə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP yox idi. O taleyüklü günlərdə Ə.Kərimli nə üçün Azərbaycan cəmiyyətinin müxalifət kəsiminin milli birlik çağırışlarına səs vermirdi? Təvazökarlıqdan çox-çox uzaq olaraq özünün müxalifətin “əsas qanadı” olduğunu iddia edən AXCP-nin müharibə dövründə milli birlikdən kənarda qalmasının bir adı var: xəyanət!
Bəs aradan qısa vaxt ötdükdən sonra nə baş verdi ki, Ə.Kərimli ermənipərəst dairələrin maraqlarına xidmət edən internet televiziyasında milli birlikdən danışır. Dəyişən bir şey yoxdur. Hər şey öz axarı ilə gedir. Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan işğaldan azad olunan ərazilərdə bərpa işlərinə başlamaq ərəfəsindədir və bir sıra layihələrin icrasına artıq start verilib. Azərbaycan xalqı bu möhtəşəm qələbənin sevincini yaşayır və milli birliyimiz ən yüksək səviyyədədir.
Əslində, yuxarıdakı sualı “AXCP sədri milli birlik çağırışında səmimidirmi?” şəklində də qoymaq olardı. Cavab isə birmənalıdır: Ə.Kərimlidən səmimilik, haqq yoluna dönüş gözləmək dəryada balıq sevdasıdır. Sadəcə olaraq o, “milli birlik” mövzusunda növbəti dəfə manipulyasiya cəhdi ilə çıxış edir.
- Oxunub: 2280 |
- Tarix: 09-02-2021 |
-
Çap et |