“Gənclər siyasəti hər zaman öz aktuallığını qoruyan məsələlərdəndir. Təsadüfi deyil ki, himnimizdə də məhz gəncliyin adı xüsusi vurğulanır. Gənclərimizin önə çıxması gənc Azərbaycan dövlətini simvolizə edən çox önəmli faktordur. Azərbaycanın mental xüsusiyyətlərində, eyni zamanda, dövlətçilik ənənələrində gənclik hər zaman ön planda olub. Bundan sonra da, şübhəsiz ki, belə olacaq. Prezident İlham Əliyev dövlətçilik ənənələrindən çıxış edərək Azərbaycan gəncliyinə etimad göstərir”.
Bu fikirləri qəzetimizə açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, gənclik bizim gələcəyimiz və fəxrimizdir. Vətən müharibəsində Azərbaycan gənclərinin üzərinə çox böyük məsuliyyət düşdüyünü söyləyən E.Mirzəbəyli vurğulayıb ki, onlar bu məsuliyyətin öhdəsindən şərəf və ləyaqətlə gəldilər. “Nəsillər dəyişir və müəyyən mərhələdə gənclər önə çıxır. Ölkənin, xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyətin əhəmiyyətli hissəsi onların üzərinə düşür. Vacib şərtlərdən bir də təcrübəli insanlarla, yaşlı və orta yaşlı nəsillə gənclik arasındakı mənəvi körpülərin qırılmamasıdır. Bu, vacib faktorlardan biridir. Azərbaycan gəncliyi dövlətimizin, xalqımızın dinamik və çevik hərəkət edən hissəsidir. İnkişafımızın yeni mərhələsində onların üzərinə böyük məsuliyyət düşür. Amma bütün məqamlarda birlikdə güclü olduğumuz kimi, gənc, orta və yaşlı nəslin nümayəndəsi olaraq da birlikdə güclüyük və hədəflərimizə doğru birlikdə addımlamalıyıq”.
Pərviz
- Oxunub: 2040 |
- Tarix: 09-02-2021 |
-
Çap et |