44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu möhtəşəm qələbə qazanaraq Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdi. Ötən il noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın şərtlərini qəbul edərək Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları Bəyanata qol çəkməsi işğalçı ölkənin kapitulyasiyası deməkdir. Sözügedən sənədə əsasən, hərbi əməliyyatlar dayandırıldı, atəşkəs bərpa olundu və Ermənistanın işğalı altında olan digər ərazilər Azərbaycana qaytarıldı.
Təbii ki, şanlı Ordumuzun işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi bütün xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb. Eyni zamanda, xalqımız bütün şəhidlərin, o cümlədən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan övladlarımızın əziz xatirəsini daim uca tutur.
O da xüsusi olaraq vurğulanmalıdır ki, bu gün dövlətimiz şəhid ailələrinə və qazilərə yüksək diqqət, qayğı göstərir. Bütövlükdə, cəmiyyətimiz bu kateqoriyadan olan insanlara diqqət göstərilməsini özünün mənəvi borcu hesab edir. Amma təəssüflə qeyd etmək lazımdır ki, radikal müxalifət, “beşinci kolon”un nümayəndələri şəhidlərin adından da öz məqsədləri üçün istifadə etməkdən çəkinmirlər. Bununla da onlar ictimaiyyət arasında çaşqınlıq yaratmağa çalışırlar.
Belələrindən biri də xaricdə məskunlaşmış Sevinc Osmanqızıdır. O, sosial şəbəkələrdə, daha dəqiq desək, özünün “osmanqızı.tv” “youtube” kanalında milli maraqlarımıza zidd olan, qərəzli, qeyri-obyektiv məlumatlar və iddialar yaymaqla məşğuldur. Onun hazırladığı bəzi proqramlarda, müsahibələrdə məhz şəhid ailələri ilə bağlı məsələlər obyektivlikdən kənar təqdim olunur. Reallıq isə budur ki, dövlətimiz şəhidlərin ailələrinin qayğılarını diqqət mərkəzində saxlayır. Birinci Qarabağ müharibəsi zamanı canlarını qurban vermiş minlərlə şəhid ailəsi dövlət tərəfindən fərdi ev və mənzillərlə təmin olunub, şəhid ailələrinə verilən təqaüdlər artırılır və s. Yəni şəhid ailələri xeyli güzəşt və imtiyazlara sahibdirlər.
44 günlük Vətən müharibəsindən sonra bu kateqoriyadan olan insanlara qayğı daha da gücləndirilib. Xüsusilə “YAŞAT” Fondunun yaradılması bu prosesə təkan verən amillərdən biridir. Belə ki, fond bütün şəhid ailələrinin, qazilərin sosial məsələlərinin həlli ilə ciddi şəkildə məşğul olur. Təbii ki, Vətənimizin bütövlüyü uğrunda canını qurban etmiş şəhidlərin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə qayğı ilə yanaşmaq hər kəsin borcudur. Bu istiqamətdə, qeyd etdiyimiz kimi, dövlət, cəmiyyət öz üzərinə düşən addımları atır.
Ən mühüm məqamlardan biri budur ki, şəhid ailələrinin, qazilərin müraciətlərinə uyğun olaraq həm dövlət qurumları, həm də “YAŞAT” Fondu tərəfindən lazımi addımlar atılır. Amma Sevinc Osmanqızı və onun “ekspert”ləri bütün bu məsələləri görməzdən gəlir, süni gündəm yaratmağa çalışmaqla ictimai rəyi yanıltmağa cəhd edirlər. Lakin antimilli ünsürlərin manipulyasiyası, qara piar kampaniyası həmişə fiaskoya uğrayır. Çünki yalan ayaq tutar, amma yeriməz.
Nardar BAYRAMLI
- Oxunub: 2880 |
- Tarix: 09-02-2021 |
-
Çap et |