Ölkəmizdə 65 yaşdan yuxarı vətəndaşların koronavirus əleyhinə vaksinasiyası başlayıb. Bu gün poliklinika üzrə vaksinasiya olunmaq üçün onlayn yazılanların sayı 70 nəfərə yaxındır. Günün birinci yarısında 15-ə yaxın vətəndaş vaksinasiyadan keçib. Ümumilikdə isə poliklinikada 5 minə yaxın 65 yaşdan yuxarı vətəndaşa peyvənd vurulacaq.
AZƏRTAC xəbər verir ki, bunu 1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova deyib.
Baş həkimin sözlərinə görə, 65 yaşdan yuxarı insanlarda bir çox xroniki xəstəliklər əmələ gəlir. Ona görə təzyiqi yüksək olanlar, digər xroniki xəstəlikləri kəskinləşənlərin peyvəndləməyə gəlməmələri tövsiyə olunur. Onlar xroniki xəstəliyin əlamətləri sabitləşəndən sonra vaksinasiyadan keçə bilərlər: “Həkim müayinəsi olmadan heç kimə vaksin vurulmur. İndiyədək vaksin olunan heç kəsdə pisləşmə halına, ciddi reaksiyaya rast gəlinməyib. Çünki onlar əvvəlcədən məlumatlandırılırlar. Vaksinasiyadan sonra ciddi reaksiyalar olmasın deyə xroniki xəstəliklərin kəskinləşməsi müşahidə olunanlara sabitləşmə olandan sonra vaksinasiyaya gəlmələri bildirilir. Ümumiyyətlə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə sıx işləyir, onlarla əlaqə saxlayırıq. İndiyədək peyvəndləmədən sonra narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə müraciət daxil olmayıb. Vaksin vurulandan sonra vətəndaş 30 dəqiqə ərzində gözləyir. O müddət ərzində heç bir reaksiya qeydə alınmadısa, deməli hər şey yaxşıdır. Əgər vətəndaş evdə özünü narahat hiss edərsə, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə müraciət edə bilər. Ümumilikdə isə vaksinin ciddi yan təsiri ilk 30-40 dəqiqə ərzində müşahidə olunur.
Birinci dozadan 21-28 gün sonra ikinci doza vurulur. Birinci doza vurduran hər kəsə sertifikat hazırlanır, orada tarix qeyd olunur. Orada göstərilən tarixdə ikinci dozanın vurulması üçün müraciət olunmalıdır”.
K.Cabbarova xatırladıb ki, ölkəmizdə vaksinasiyaya ilk olaraq səhiyyə işçiləri cəlb olunublar: “Yanvarın 18-də başlayan vaksinasiya prosesi zamanı əvvəlcə tibb işçiləri peyvənd olundular. Poliklinikanın 200-dən çox səhiyyə işçisinə vaksin vurulub. Əhalinin müraciətlərinin çoxluğu səbəbindən tibb işçilərinə ikinci doza birinci dozadan 28 gün sonra, yəni fevralın ortalarında vurulacaq”.
Vaksinasiyaya gələn 72 yaşlı paytaxt sakini Yuri Kozlov peyvənd olunandan sonra özünü yaxşı hiss etdiyini deyib: “Könüllü olaraq vaksinasiyadan keçmək üçün müraciət etdim. Həyat yoldaşım da peyvənd olunub. Hər ikimiz özümüzü yaxşı hiss edirik”.
- Oxunub: 2250 |
- Tarix: 08-02-2021 |
-
Çap et |