Ana səhifə »  Xəbər lenti »  İşğaldan azad olunmuş Füzuli rayonunun aqrar potensialı - TƏHLİL
A+   Yenilə  A-
İşğaldan azad olunmuş Füzuli rayonunun aqrar potensialı - TƏHLİL

Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Füzuli də var.

Xatırladaq ki, Füzulinin 21 kəndi və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi 1994-cü ildə Azərbaycan Ordusunun Horadiz əməliyyatı nəticəsində düşməndən azad edilmişdi.

Füzuli rayonunun çoxşaxəli aqrar potensialı var. İşğal nəticəsində rayonun sərvətləri düşmən tərəfindən talan edilib, kənd yerlərində təsərrüfatla məşğul olan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb, yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri darmadağın edilib.

AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı, ekspert Əbdülrəhim Dadaşovun Füzuli rayonunun aqrar potensialı barədə yazısını təqdim edir.

İşğaldan azad edilmiş rayonların arasında əhalinin sayına görə Füzuli Ağdamdan sonra ikinci ən böyük rayondur. Ölkə ərazisinin 1,6 faizi əhatə edən və sahəsi 1386 kvadratkilometr olan rayonun relyefi əsasən düzənliklərdən və qismən dağlıq ərazilərdən ibarətdir. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Ərazi baxımından Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxildir. İşğaldan öncə Füzuli rayonunda 89 min insan yaşayırdı. Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti kənd təsərrüfatı idi. Uzun illər ərzində aparılmış islahatlar və böyük investisiyalar hesabına Füzuli rayonunun əhalisinin məcburi köçkün vəziyyətinə düşmüş 51 min nəfər sakini Füzuli rayonunun işğala məruz qalmamış ərazilərində məskunlaşıb. 27 il davam edən işğal rayona təxminən 7 milyard ABŞ dolları civarında maddi zərər vurub. Təbii ki, işğalın mənəvi zərərləri də bundan dəfələrlə daha böyükdür. Rayon ərazisinin 85 min hektara yaxını kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir.

Füzuli rayonunun iqlimi şimal hissədə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl, qərb hissədə yayı quraq keçən mülayim-isti olması ilə səciyyələnir. Rayonun mövcud torpaq örtüyündə əsasən boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi torpaq tipləri yayılıb. Yuxarı Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdamdan sonra Füzuli rayonundadır. Rayonun ərazisi əsasən Araz, Köndələnçay, Şapartı, Quruçay və Qozluçay çayları ilə suvarılır. Lakin bununla belə, əkin dövriyyəsinə cəlb edilən azad ərazilərin suvarılması üçün yeni potensial da yaranıb. Belə ki, Suqovuşan, Xudafərin və Sərsəng su anbarlarının Füzulinin əkin torpaqlarının suvarılması üçün istifadə edilməsi nəticəsində rayonun kənd təsərrüfatının inkişafına çox yüksək töhfə verməsi gözlənilir.

Füzuli rayonunda geniş örüş-otlaq və biçənək sahələri (25.5 min ha) var və əhalinin maldarlıq sahəsində olan təsərrüfatçılıq ənənələri saxlanılıb. Rayonda bitkiçilik sektoru ağırlıqlı kənd təsərrüfatına malik olsa da, heyvandarlıq sektoru ilə bağlı aqrar potensialı heç də az olmamışdır. Qeyd edək ki, burada mövcud olan örüş-otlaq və biçənək sahələri respublikanın müvafiq sahələrinin təxminən 1,1 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm bir illik əkmələr, həm də çoxillik əkmələri rahat becərə bilirdilər. Füzuli rayonunda sovetlər dönəmində əkinçiliyin əsas sahələri olan taxılçılıq, pambıqçılıq, şəkər çuğunduru, üzümçülük və tərəvəzçilik inkişaf etdirilmişdi. Rayon ərazisində taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları geniş sahələri əhatə edirdi. Heyvandarlıq sahəsində isə baramaçılıq xüsusilə fərqlənmişdi.

Bitkiçilik sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Füzuli rayonunda 1980-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (77.4%) və pambıq sahələrinin (21.0%) daha geniş sahələri əhatə etdiyi müşahidə olunur. Bu bitkilərlə yanaşı, 1980-ci ildə Füzuli rayonunda çoxillik əkmələr üzrə 18.2 min hektar sahədə üzümlüklərin mövcud olması və bu üzümlüklərin ölkədəki payının 6.9 faizlik bir hissəsini təşkil etməsi üzümçülüyün bu rayonda prioritet sahə olduğunu göstərməkdədir. Üzümçülüklə yanaşı, 1980-ci illərdə 79 hektar sahədə meyvə və giləmeyvəliklərin mövcudluğu rayonun çoxillik bitkiçilik təcrübəsinə də malik olduğunu göstərmişdir. Aşağıdakı diaqramda əks olunan strukturdan bölgənin hansı bitkiçilik məhsullarının istehsalı ilə ixtisaslaşdığı, kənd təsərrüfatının tarixi ənənəsinin hansı sahələrdə təmərküzləşdiyi nəzərə çarpır.

Ümumilikdə, Füzuli rayonunda 1980-ci ildə mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 2.4 faizini, eləcə də rayonda mövcud olan pambıq sahələri isə ölkədəki sahənin 1,3 faizi təşkil etmişdi.

 

Qrafik 1.

1980-ci il üzrə Füzuli rayonunda bitkiçilik məhsullarının əkin strukturu, %

MənbəDövlət Statistika Komitəsi

Füzulinin işğala məruz qalmamış hissəsində 2019-cu ilin əkin sahələrinin strukturuna nəzər saldıqda da taxıl (94.4%) və pambıq sahələri (2.0%) azalmış olsa da, daha geniş sahələri əhatə etdiyi görünür. Bununla belə, kartof, tərəvəz və bostan bitkilərinin cəmi xüsusi çəkisi 2.2 faiz təşkil edib. Bu bitkilərə əlavə olaraq Füzulidə 554 hektar ərazini əhatə edən şəkər çuğunduru da rayonun əkin strukturunda 1.4 faizlik paya malik olub. Füzulinin işğala məruz qalmamış hissəsində üzümlük sahələri 161 hektara qədər xeyli azalıb və demək olar ki, qalmayıb. Lakin, meyvə və giləmeyvəliklərin sahəsi 678.5 hektar olub. İllər keçdikcə əkin strukturunda pambıq sahələrinin çoxillik əkmələr və digər birillik bitkilərlə əvəzləndiyi müşahidə edilir.

2019-cu ildə isə rayonda mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 4.1 faizini, eləcə də pambıq sahələri isə ölkədəki sahənin 0.9 faizini təşkil edib.

Qrafik 2.

 

2019-cu il üzrə Füzulinin işğala məruz qalmamış hissəsində bitkiçilik

məhsullarının əkin strukturu, %

Mənbə: Dövlət Statistika Komitəsi.

 

1. Taxıl istehsalı potensialı. Əldə edilən rəsmi statistik məlumatlara əsasən, 1980-ci ildə 11.8 min hektar sahədə taxıl əkilmiş və biçilmiş taxıl sahələrindən 14.5 min ton məhsul əldə edilmişdir, 1985-ci ildə müvafiq olaraq sahə 10.4 min hektar və ondan biçilmiş taxıl 24.6 min ton olmuşdur. 1988-ci ildə isə 13.2 min hektar taxıl sahəsindən 31.9 min ton taxıl biçilmişdir. Göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) taxıl istehsalında 2.2 dəfəyədək artım müşahidə olunmuşdur. Taxıl üzrə orta məhsuldarlıq 20.5 sent/ha təşkil etmişdir, maksimum məhsuldarlıq isə 24.2 sent/ha olmuşdur ki, bu da həmin illərdə ölkə üzrə məhsuldarlıq göstəricilərinə yaxın olduğunu göstərir. Taxılın keçmiş məhsuldarlıq göstəricisi 2019-cu il üzrə müqayisədə isə 30 faiz az olmuşdur. Bu da son illər Füzulinin işğala məruz qalmayan ərazilərində taxıl əkinlərinə tətbiq edilən intensiv və innovativ inkişaf nəticəsində olmuşdur. 1980-1988-ci illər ərzində Füzuli rayonunda taxıl istehsalı ölkə üzrə istehsalın 2.3 faizini təşkil etmişdir. 2019-cu ildə işğala məruz qalmayan Füzuli ərazisindəki müvafiq istehsalın xüsusi çəkisi 3.3 faizdir (118.1 min tondur). 2019-cu il ərzində məhsuldarlığın ölkə səviyyəsində olması, taxıl istehsalında Füzuli rayonunun potensial imkanlara malik olduğunu göstərir. Müstəqillik əldə edildikdən sonra aqrar sahədə aparılmış əsaslı islahatlar və innovativ texnologiyaların tətbiqi nəticəsində ölkədə məhsuldarlığın artması ilə yanaşı, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək olar. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Füzuli rayonunda taxıl istehsalının 130.4 min tona, yəni ölkə üzrə ümumi taxıl istehsalında 3.1 faizlik istehsal effekti yaratması gözlənilir.

2. Pambıq istehsalı potensialı. Rəsmi statistik məlumatlara əsasən deyə bilərik ki, pambıqçılıq sahəsi rayon əhalisi tərəfindən tarixən də taxıldan sonra ən çox istehsalına üstünlük verilən kənd təsərrüfatı sahəsi olmuşdur. 1980-ci ildə 3200 hektar sahədən 12993 ton, 1988-ci ildə isə 600 hektar sahədən 1512 ton məhsul istehsal edilmişdir. Aparılmış təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) pambığın məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 35.4 sent/ha olduğu halda Füzuli rayonunda bu bitkinin məhsuldarlığı 40.6 sent/ha çatmışdır. 1980-1988-ci illər ərzində Füzuli rayonunda pambıq istehsalı ölkə üzrə istehsalın təxminən 1.5 faizini təşkil etmişdir. Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsindən 14.7 faiz çox olması pambıq istehsalında Füzuli rayonunun daha artıq məhsul istehsal etmə imkanlarının mövcud olduğunu göstərir. Qeyd etmək lazımdır ki, 2019-cu ildə Füzulinin işğala məruz qalmamış kəndlərində 800 hektar tarladan 20.4 sent/ha məhsuldarlıqla 1.6 min ton pambıq becərilmişdir. Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Füzuli rayonunda pambığın intensiv üsullarla əkilib-becərilməsi hesabına 41.0 sent/ha məhsuldarlıqla istehsalın 5.5 min tona çatdırılması proqnozlaşdırılır ki, bu da ölkədə pambıq istehsalının təxminən 1.4 faizinin məhz Füzuli rayonu hesabına formalaşacağı deməkdir.

3. Tərəvəz istehsalı potensialı. Füzuli rayonunda kənd təsərrüfatı istehsalı üçün potensial olan digər bitkiçilik sahəsi tərəvəzçilikdir. Tarixi keçmişə nəzər saldıqda, 1980-ci ildə 109 hektar sahədən 237 ton tərəvəz istehsal edilmişdir, ümumiyyətlə 1980-1988-ci illər ərzində bu sahələrdən maksimum 713 ton məhsul əldə edilmişdir. Cari dövrün Füzuli rayonu üzrə mövcud statistik məlumatlarına nəzər saldıqda isə 2019-cu ildə 453 hektar sahədən 4.0 min ton tərəvəz əldə edilmişdir. Təhlildən göründüyü kimi, Füzuli rayonunda bu bitkinin məhsuldarlığı 84.8 sent/ha həddini keçməmişdir, lakin 2019-cu ildə bu məhsuldarlıq 88.0 sent/ha təşkil edir. 1980-1988-ci illər ərzində Füzuli rayonunda tərəvəz istehsalı ölkə üzrə istehsalın 0.08 faizini təşkil etdiyi halda, 2019-cu ildə 0.23 faizdir. Son illər ərzində Füzulinin işğala məruz qalmamış hissəsində tərəvəz əkinlərinin, xüsusilə soğan və sarımsaq istehsalına olan marağın iqtisadi göstəricilərə də yansıması, bu trendin digər azad edilmiş sahələrə də şamil ediləcəyini deməyə əsas verir. İnnovativ tədbirlər nəticəsində rayonda digər bitki növləri ilə yanaşı, tərəvəz bitkilərinin əkin sahəsinin genişləndirilməsi və yüksək məhsuldarlığın əldə edilməsi hesabına istehsalın həcminin artımı ilə 2025-ci ildə 5.4 min tona yaxın tərəvəz, 3.0 min tona yaxın kartof və 5.9 min tona yaxın bostan məhsullarının istehsalı proqnozlaşdırılır.

4. Üzüm istehsalı potensialı. Üzüm bitkisi digər Qarabağ rayonlarında olduğu kimi, Füzuli rayonunda da təsərrüfatçılıq ənənəsinin mövcud olduğu bitkiçilik sahəsindən biri hesab edilir. Tədqiqatlar onu göstərmişdir ki, 1980-ci ildə 18.2 min hektar sahədən 76.7 min ton üzüm istehsal edilmişdir, lakin sonrakı illər ərzində üzüm sahələri azaldılaraq 1988-ci ildə 14.1 min hektar olmuşdur. 1988-ci ildə bu isə üzümlüklərdən 100.8 min ton məhsul əldə edilmişdir. 2019-cu ildə isə Füzulinin üzüm istehsalı cəmi 960 ton olmuşdur ki, bu da üzümlük sahələrinin qalmadığını, böyük sahələrin işğal altında qalmış olduğu, digər ərazidəki üzümlüklərin isə tərəvəz və s. digər sahələrlə əvəzləndiyini göstərir. Göründüyü kimi, keçmiş illər ərzində Füzuli rayonunda üzümçülük sahəsinin ən məhsuldar dövrü elə 1985-ci ilə təsadüf edir. Təhlildən aydın olur kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) üzüm bağlarının məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 95.3 sent/ha olduğu halda, Füzuli rayonunda bu bitkinin məhsuldarlığı 71.2 sent/ha olmuşdur. 1980-1988-ci illər ərzində Füzuli rayonunda üzüm istehsalı ölkə üzrə istehsalın təqribən 7.0 faizini təşkil etmişdir. Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsinin 91.9 faizini təşkil etməsi üzüm istehsalında Füzuli rayonunun təsərrüfatçılıq ənənələrinin həmin dövrlərdə mövcud olduğunu göstərir. Yeni texnika və texnologiyaların tətbiqi, həmçinin işğaldan azad edilmiş torpaqlar üçün qəbul edilmiş yeni tədbirlər planı çərçivəsində digər bitki növləri ilə yanaşı, üzümlük sahələrinin artımı və daha yüksək məhsuldarlığın səviyyəsi hesabına ölkənin üzümə olan tələbatın tam təmin edilməsi gözlənilir. Üzümçülük sahəsinin, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi bu rayonda şərabçılıq sektorunun canlanmasının bilavasitə əsas amili olacaq. Belə ki, 2025-ci ildə Füzuli rayonunun ölkədəki üzüm istehsalında yüksək məhsuldarlıq tempi bərpa olunduğu təqdirdə payının 5.1 faiz təşkil edərək 10.5 min ton civarında olması proqnozlaşdırılır.

5. Digər növ bitkilərin istehsalı potensialı. Füzuli rayonunda torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsinin mövcudluğu bu regionda meyvə və tərəvəz istehsalının da istehsal potensialı vəd etdiyini söyləmək mümkündür. Qeyd etmək lazımdır ki, potensial nəzərə alınaraq bu zonada nar və xurma bağlarının pilot layihə olaraq salınması da plan çərçivəsində həyata keçiriləcək. Belə ki, regionlarda aqrar inkişaf perspektivi nəzərə alınarsa, ölkədə tətbiq edilən aqrar innovasiyalardan istifadə edilməsi ilə yeni intensiv meyvə-giləmeyvə bağlarının salınması və bostan bitkilərinin yetişdirilməsinə başlanıldığı təqdirdə, ölkənin bu məhsullar üzrə ərzaq təhlükəsizliyinin təminatı və ixracatının artımına böyük töhfəsi olacaqdır. Bu bitkilərlə yanaşı, son illər Füzulidə sənaye əhəmiyyətli məhsul olan şəkər çuğundurunun da əkininə başlanıb ki, bu da işğaldan azad edilmiş rayon ərazisi üçün geniş nümunə ola bilər. Heyvandarlıq sahəsinin yemə olan tələbatı nəzərə alınarsa, bu rayonda yemlik otların da yetişdirilməsi üçün sahələrin salınması tədbirlər planı çərçivəsində nəzərə alınacaqdır.

Ümumilikdə, 1980-1988-ci illərin təcrübəsi, ölkədə son illər ərzində aqrar innovativ inkişaf trendləri və statistik göstəricilərin təhlilindən əldə edilən nəticələr göstərir ki, 2025-ci ilə qədər Füzuli rayonunda 47.4 min hektarlıq əkin və bağ sahələrindən 208.2 min ton bitkiçilik məhsulu istehsalı imkanları var. Bu da ümumilikdə ölkədə müvafiq məhsullar üzrə proqnoz istehsal göstəricilərinin 2.1 faizini əhatə edir. Bitkiçilik məhsulları istehsalı nəticəsində Füzuli rayonunun yaratdığı əlavə məhsulun dəyərinin 119.8 milyon manat, ölkə üzrə proqnoz göstəricilərindəki payının isə 2.8 faiz olması gözlənilir.

Füzuli rayonunda 2025-ci il üçün bitkiçilik məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

 

                                                                                                 Cədvəl 1.

2025-ci ildə Füzuli rayonu üzrə bitkiçilik məhsulları istehsalının proqnozu

Mənbə: Dövlət Statistika Komitəsi

Sadalanan əmək, torpaq, iqlim və su resursları ilə indiki vaxtda bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə alsaq ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə olunub. İstər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Bütün bunlar Qarabağın, o cümlədən Füzuli işğaldan azad edildikdən sonra ölkənin xüsusilə kənd təsərrüfatında əhəmiyyətli irəliləyişlərinə səbəb olacaq.

Heyvandarlıq sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Rəsmi statistik məlumatlara əsasən, Füzuli rayonu üzrə 1980-ci ildə 30156 olan iribuynuzlu mal-qaranın sayı 1985-ci ildə 36047-ə yüksəlmiş, 1988-ci ildə isə 37783 baş olmuşdur. Xırdabuynuzlu mal-qara isə 1980-ci ildə 107813, 1985-ci ildə 148043, 1988-ci ildə 149018 başa çatmışdır. 2019-cu ildə Füzulidə 36956 baş iribuynuzlu və 138912 baş xırdabuynuzlu mal-qara mövcud olmuşdur. Bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə ət istehsalı qeyd edilən illərə müvafiq olaraq 2031, 2624 və 2806 ton təşkil etmişdir. Rayon üzrə bütün təsərrüfatların cəmi süd istehsalı müvafiq olaraq 12.3 min ton, 16.1 min ton və 20.0 min ton, yumurta istehsalı isə qeyd edilən 3 ilə uyğun olaraq 8.7 milyon, 11.2 milyon və 11.8 milyon ədəd olmuşdur. 2019-cu ildə isə rayonda müvafiq olaraq 1615 ton kəsilmiş ət, 28.1 min ton süd, 15.2 milyon ədəd yumurta və 250 ton yun istehsal edilmişdir. Statistik məlumatlara əsasən deyə bilərik ki, Sovet İttifaqının tərkibində olduğumuz dövr ərzində Füzuli rayonunda heyvandarlığın bütün sahələri üzrə məhsul istehsalı artan dinamika ilə inkişaf etmişdir.

 

                                                                                                  Qrafik 3.

İşğaldan öncə Füzuli rayonunda iri və xırdabuynuzlu heyvanların sayı, baş

Mənbə: Dövlət Statistika Komitəsi

Füzuli rayonunda 2025-ci il üçün heyvandarlıq məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

 

                                                                                     Cədvəl 2.

2025-ci ildə Füzuli rayonu üzrə heyvandarlıq məhsulları istehsalının proqnozu

 

Mənbə: Dövlət Statistika Komitəsi

2025-ci ilə qədər Füzuli rayonunda 56.3 min baş iribuynuzlu (inək və camışlar) və 260.4 min baş xırdabuynuzlu (qoyun və keçilər) heyvandarlığın bərpa edilməsi ilə ölkədə heyvandarlığın inkişafına və sürü dövriyyəsinin təqribən 2.4 faiz artımına səbəb olacaq. Bununla yanaşı, quşların sayının 470.9 min başa qədər, arı ailələrinin sayının isə 4 min olması gözlənilir. Bu sahələrdə ölkə istehsalındakı payının müvafiq olaraq ət istehsalında 0.6 faiz və yun istehsalında isə təqribən 2.4 faiz olacaq. Süd və yumurta istehsalında isə müvafiq olaraq 1.2 faiz və 1.6 faiz olması proqnozlaşdırılır. Burada barama istehsalının keçmişdən qalan ənənəsi onu göstərir ki, təxminən 200 ton barama istehsalı potensialı da nəzərə alınmalıdır. Araşdırma və tədqiqat nəticəsində proqnoz dövrə qədər heyvandarlıq sahəsinin inkişafında Füzulinin payı 36.6 min tona yaxın və yaxud 1.1 faiz olacağı ehtimal edilir. Rayon üzrə 28.1 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı gözlənilir ki, bu da ölkə üzrə müvafiq istehsal miqyasında 0.6 faiz əlavə dəyər yaradacağı potensialından xəbər verir.

Aqrar istehsal potensiali ilə yanaşı, Füzuli rayonunda taxılın emalı, südün emalı, gön-dərinin emalı, barama və ipək emalı müəssisələrinin qurulması üçün böyük potensial da nəzərə alınmalıdır. Bu region üçün trend hesab edilən tərəvəzçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, burada aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafından iqtisadiyyata töhfəsinin sovet dövründəki potensialdan daha artıq olduğu müşahidə edilir.

Ümumilikdə, Füzuli rayonunda kənd təsərrüfatı infrastrukturun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcədə heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsinin 147.8 milyon manat, başqa sözlə 1.6 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edib. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət effekti hiss olunacaq.

1985-ci ildən bəri çox uzun bir vaxt keçib. Bir qərinə ərzində kənd təsərrüfatının bütün sahələrində Azərbaycan Respublikası ciddi inkişaf əldə edib. Şübhəsiz ki, Ermənilər tərəfindən işğal edilməsəydi, Füzuli rayonunun işğal altında qalan hissəsi də bu inkişafdan kənarda qalmayacaqdı. Eyni zamanda, müasir dövrdə elmin inkişaf səviyyəsi, intensiv istehsal texnologiyaları, innovativ becərmə üsulları və digər amillər rayonun potensial imkanlarının daha böyük olduğunu deməyə əsas verir.

Qeyd edək ki, işğaldan azad olunmuş digər rayonlarımızın aqrar potensialı və perspektivlər barədə aşağıdakı linklərdən tanış olmaq olar.

Qubadlı: https://azertag.az/xeber/1691043 

Cəbrayıl: https://azertag.az/xeber/1641437 

Zəngilan: https://azertag.az/xeber/1633639 

Ağdam: https://azertag.az/xeber/1695189 

Kəlbəcər: https://azertag.az/xeber/1700805  .

 
  • Oxunub:  2400  |  
  • Tarix:  07-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

28 Fevral 17:05
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb
28 Fevral 16:28
Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin əllidən çox sualını cavablandırıb
28 Fevral 16:15
Azərbaycanda koronavirusdan 117 nəfər sağalıb, 270 yeni yoluxma faktı qeydə alınıb
28 Fevral 16:09
XİN: Ermənistanın aqressiv ritorikası rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir
28 Fevral 15:35
Respublikanın 7 şəhər və rayonunda magistraturaya qəbul imtahanı aparılıb
28 Fevral 14:50
Abram İxiilov: Dünya Azərbaycan və yəhudi xalqının dostluğunu anlamaq istəyirsə Qırmızı qəsəbəyə baş çəksin
28 Fevral 14:38
Deputat: Azərbaycan Prezidenti mətbuat konfransı ilə informasiya cəbhəsindəki mövqeyimizi daha da möhkəmləndirdi
28 Fevral 13:51
XİN: Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi
28 Fevral 13:50
“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur
28 Fevral 13:49
Gürcü jurnalistlər işğaldan azad olunmuş ərazilərdə erməni vəhşiliyini lentə alırlar
28 Fevral 13:47
Müdafiə Nazirliyi Ağdam rayonunun Eyvazxanbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
28 Fevral 12:48
Azərbaycanda 273 mindən çox vətəndaşa koronavirus əleyhinə peyvənd vurulub
28 Fevral 12:07
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu lövhə quraşdırılıb və aksiya keçirilib
28 Fevral 12:05
Dünya ictimaiyyəti Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun bir daha şahidi oldu
28 Fevral 10:53
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
28 Fevral 10:38
Professor Necdet Ünüvar: Xocalı soyqırımı məqsədli şəkildə insanlıq əleyhinə törədilən cinayətdir
28 Fevral 10:36
Litva Seyminin rəsmi saytı Azərbaycan və Litva parlamentlərarası dostluq qruplarının görüşündən yazıb
28 Fevral 10:34
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib
27 Fevral 19:14
XİN: Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə qanunsuz şəkildə göndərilməsi birgə Bəyanatın kobud şəkildə pozulmasıdır
27 Fevral 19:05
Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib
27 Fevral 18:56
“France 24” kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlanıb
27 Fevral 18:33
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir
27 Fevral 18:27
Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir
27 Fevral 18:08
Jan-Mişel Brən: Fransa mətbuatı Xocalı faciəsinə biganə qalmamalıdır
27 Fevral 18:06
Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
27 Fevral 17:45
Azərbaycanda koronavirusdan 172 nəfər sağalıb, 278 yeni yoluxma faktı qeydə alınıb
27 Fevral 17:42
“Kənddən şəhərə” həftəsonu yarmarkası fəaliyyətə başlayıb
27 Fevral 17:36
Amerikalı konqresmen Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib
27 Fevral 17:17
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi beynəlxalq onlayn konfrans keçirib
27 Fevral 17:14
İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq
27 Fevral 17:07
“Azərlotereya” ASC-nin Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsinə dair müqavilə imzalanıb
27 Fevral 17:02
Goranboyda Xocalı soyqırımı qurbanları yad edilib
27 Fevral 16:58
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər
27 Fevral 16:57
Prezident İlham Əliyev mətbuat konfransında mühüm mesajlar verdi
27 Fevral 16:55
“Israel Hayom” qəzeti: Azərbaycanlılar Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı qırğını heç vaxt unutmayacaq
27 Fevral 15:37
Azərbaycan Prezidenti mətbuat konfransında ölkəmizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətləri göstərdi
27 Fevral 15:20
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
27 Fevral 15:00
Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır
27 Fevral 14:57
Maisə Heybətova: Vaksinasiya edilənlərin sayının artması COVID-19 infeksiyasının qarşısını alacaq
27 Fevral 14:53
Arzuxan Əlizadə: Minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir
27 Fevral 14:47
Torpaqlarımızın işğal olunması AXC-“Müsavat” cütlüyünün xəyanətinin nəticəsi idi
27 Fevral 14:36
Fuad Əliyev: Ermənistan beynəlxalq qanunvericiliyi və konvensiyaları pozduğuna görə mütləq cavab verməlidir
27 Fevral 14:31
Qulamhüseyn Əlibəyli: Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir
27 Fevral 14:23
Rufiz Qonaqov: Ölkəmizdə postmüharibə dövründə siyasi dialoqun daha da gücləndirilməsi mühüm əhəmiyyətə malikdir
27 Fevral 13:58
Ukrayna gəncləri “Xocalıya ədalət!” aksiyası keçiriblər
27 Fevral 13:55
Nazirlər Kabineti “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə 10 alt işçi qrupu yaradıb
27 Fevral 13:49
Bakı metrosundakı müasir tipli vaqonların sayı 75-ə çatıb
27 Fevral 13:44
Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımına həsr olunan onlayn konfransı keçirilib
27 Fevral 13:04
İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq
27 Fevral 12:15
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkiyənin Dənizli şəhərində silsilə tədbirlər keçirilib
27 Fevral 11:59
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənin açılışı olub
27 Fevral 11:42
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edilib
27 Fevral 11:40
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb
27 Fevral 11:39
Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir
27 Fevral 11:11
Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndinin videogörüntülərini yayıb - VİDEO
27 Fevral 10:58
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olanlar mənzil və fərdi evlə təmin olunacaq
27 Fevral 10:49
Xocalıdan olan rabitəçilərlə görüş keçirilib
27 Fevral 09:33
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
27 Fevral 09:30
ABŞ-ın ştatlarında Xocalı qətliamına həsr olunmuş tədbirlər davam edir
27 Fevral 09:27
Təhsil naziri: Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir
26 Fevral 22:14
Qərbi Azərbaycan İcması Ankara Təmsilçiliyi Xocalı şəhidlərini anıb
26 Fevral 21:38
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
26 Fevral 20:30
Azərbaycan Prezidenti: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
26 Fevral 20:26
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 20:23
Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
26 Fevral 20:19
Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb
26 Fevral 19:32
Prezident İlham Əliyev: Maksimum qısa müddət ərzində mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq
26 Fevral 19:31
İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Xocalı soyqırımı ilə əlaqədar həmkarlarına məktub göndərib
26 Fevral 19:29
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb
26 Fevral 19:26
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA