2030-cu ilədək ölkəmizdə 1500 meqavatlıq yeni bərpaolunan enerji stansiyalarının quraşdırılması müxtəlif illəri əhatə edən 3 dövrdə şəbəkəyə inteqrasiya ediləcək.
AZƏRTAC Energetika Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırılması, habelə investisiya şirkətləri ilə yeni layihələrin həyata keçirilməsi ilə bağlı danışıqların aparılması üçün tədbirlərin icrası davam etdirilməkdədir. Nazirlik tərəfindən bərpaolunan enerji mənbələrinin ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə payının 2030-cu ilədək 30 faizə çatdırılması məqsədilə beynəlxalq məsləhətçi şirkət cəlb edilərək elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddinin müəyyənləşdirilməsi təmin olunub.
Almaniyanın “VPC” şirkəti tərəfindən hazırlanmış hesabata əsasən, qarşıya qoyulmuş 30 faiz hədəfinə nail olmaq üçün, ölkəmizdə 2030-cu ilədək ümumilikdə 1500 meqavat qoyuluş gücündə yeni bərpaolunan enerji stansiyaları quraşdırılmalıdır ki, bu ümumi gücün də 2020-2022-ci illərdə 440 meqavat, 2023-2025-ci illərdə 460 meqavat, 2026-2030-cu illərdə 600 meqavat olmaqla 3 dövrdə şəbəkəyə inteqrasiyası məqsədəuyğun hesab edilib. Eyni zamanda, şirkət tərəfindən bərpaolunan enerji üzrə yeni qoyuluş güclərinin inteqrasiyası ilə bağlı müvafiq tədbirlər paketi təqdim edilib, 2030-cu ilə qədər olan müddət ərzində tədbirlərin həyata keçirilməsi üçün vaxt cədvəli hazırlanıb, lazımi tədbirlər üçün tələb olunan büdcə hesablanıb və müvafiq dövrlərdəki fəaliyyətlər üzrə bölünüb. Hesabat hazırda müvafiq sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri ilə müzakirə edilir.
- Oxunub: 1950 |
- Tarix: 06-02-2021 |
-
Çap et |