Vaksinlərin növlərindən, onların tərkibindəki maddələrdən və peyvənd olunacaq şəxsin durumundan asılı olaraq peyvəndə əks-göstəriş halları var. Hazırda xroniki xəstəliklər – şəkər, arterial hipertenziya, böyrək çatışmazlığı kimi xəstəliklər ölkəmizə gətirilən peyvəndlərin tətbiqi üçün əks-göstəriş deyil. Bu, peyvəndin istifadə qaydasında da yazılıb. Əks-göstərişlər daha öncə bu tərkibli bir peyvəndə qarşı ciddi anafilaktik reaksiya, allergik reaksiyası olanlara aiddir.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
Həkim-infeksionistin sözlərinə görə, xəstəliyi keçirib sağalan insanların qanında yaranan anticisimlərin onları nə qədər qoruduğu məlum deyil. Bəzi məlumatlara əsasən, anticisimlərin 3-6 ay qoruyuculuğu var. Bundan sonra anticisimlərin miqdarı azalmağa başlayır və təkrar yoluxma üçün şans yaranır: “Xəstəliyi keçirənlərin qanında yaranan anticisim miqdarı fərqli rəqəmlər ola, hətta referans dəyərlərdən 10-30 dəfə çox qeydə alına bilər. Bu göstəricilər həmin şəxsi xəstəlikdən daha yaxşı qoruyacaq anlamına gəlmir. Burada neytrallaşdırıcı antikorların da miqdarı önəmlidir. Bizim baxdığımız qanda ümumi antitellərin miqdarıdır. Sırf virusu zərərsizləşdirə biləcək antikorların miqdarını isə öyrənmək mümkün deyil. Buna görə də vaksinasiya önəmlidir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, uşaqlarda peyvəndləmə proqramı ilk sıralarda deyil. Çünki uşaqlar risk qrupunda deyillər. Risk qrupunda olan kontingent peyvəndləndikdən sonra daha az risk qruplarının da vaksinasiyası həyata keçiriləcək.
Bəzi peyvəndlərin gücləndirici dozaya ehtiyacı var. Məsələn bir allergik maddə ilə ilk təmasda allergiya vermirik. İkinci dəfə təmas olanda isə ciddi allergik reaksiya yaranır. Bu, vücudda hafizənin yaranması ilə əlaqədardır. Peyvəndin ilk dozasından sonra demək olar ki, yüksək səviyyədə anticisim əmələ gəlmir. Ona görə də üç həftə sonra ikinci dozanın vurulması məsləhət görülür. Ümumilikdə, qanda yetəri qədər anticisim cavabı peyvəndləmədən bir ay sonra əldə olunur. Vətəndaşların peyvəndin birinci dozasından 10 gün sonra İgG testi etdirməsi əhəmiyyətsizdir. Vücudun anticisimləri istehsal etməsi üçün müəyyən zamana ehtiyac var. Xəstəliyi keçirənlərdə müxtəlif anticisim cavabları yarandığı kimi peyvəndlənən insanlarda da fərqli anticisim cavabları ola bilər. Hazırda peyvəndlərin qoruyuculuğu təxminən 6-9 ay ərzində nəzərdə tutulub. Təəssüf ki, qalıcı bir immunitet yoxdur. Lakin bir dəfə virusa qarşı cavab əmələ gətirmiş vücud bunu yaddaşında saxlayır və anticisimlərin miqdarı azalmış olsa belə ikinci dəfə həmin virusla təmas zamanı onu neytrallaşdıra biləcək hafizə hüceyrələrini işə salır. Bu, çox önəmlidir”.
- Oxunub: 2340 |
- Tarix: 06-02-2021 |
-
Çap et |