Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu gündən-günə artmaqdadır. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanan ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu isə dostlarımızı sevindirməklə yanaşı, ermənipərəst dairələri və onların əlaltılarını çox narahat edir. Bunun nəticəsidir ki, öz antimilli ampluasında olan radikal müxalifət düşərgəsi anti-Azərbaycan mərkəzlərin sifarişi ilə qələbəmizə kölgə salmağa, yalan informasiyalarla sosial şəbəkələrdə “parlamağa” çalışır. Bu işdə isə onların ən böyük “yardımçı”ları ermənipərəst Sevinc Osmanqızı və Qənimət Zahiddir. Onlar əllərindəki internet resursları vasitəsilə ermənipərəst dairələrin yalanlarını təbliğ etməklə və ictimai rəyi aldatmağa çalışmaqla məşğuldurlar.
Vurğulamaq yerinə düşər ki, hər iki şəxsin kimliyi, fəaliyyəti Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Erməni havadarlarının maliyyə dəstəyi ilə yaratdıqları internet kanallarını birmənalı şəkildə ölkəmizə qarşı aparılan çirkin kampaniyaların tribunasına çevirmiş Sevinc Osmanqızı və Qənimət Zahidin fəaliyyət ştrixləri onları “ələ verir”. 44 günlük Vətən müharibəsində qazanılan zəfər haqqında müsbət fikir söyləməyən S.Osmanqızı və Q.Zahid anti-Azərbaycan dairələrin yalanlarını təbliğ etməklə məşğuldurlar. Efirə çıxardıqları “ekspert”lərin kimliyi isə onların əsl məqsədlərinin üzərinə bir daha işıq salmış olur. Ölkəmizin nailiyyətlərinə qarşı aparılan qarayaxma kampaniyalarının icraçısı olan antimilli şuranın, AXCP-nin “başbilən”lərini, o cümlədən xaricdə yaşayan bəzi ermənidən betər ermənilik edənləri “siyasi ekspert” kimi təqdim edən bu şəxslər ermənipərəst mərkəzlərdən aldıqları tezisləri “arqumentləşdirmək” üçün min bir yola əl atırlar.
Bir sözlə, qısa təhlil və müqayisə apardıqda görünür ki, istər S.Osmanqızı, istərsə də Q.Zahid erməni lobbisinin tezislərinə və Azərbaycanın əldə etdiyi uğurları gözdən salmağa hesablanmış fikirlərə tribuna verirlər. Bu isə onların hansı niyyətlərin xidmətçisi olduğunu bir daha ortaya qoyur.
Qeyd etdiyimiz kimi, Azərbaycan xalqı istər S.Osmanqızının, istərsə də Q.Zahidovun kimliyinə yaxşı bələddir. Bu baxımdan, onların apardıqları fəaliyyət fiaskoya məhkumdur. Çünki düşmən çətirinin altına sığınıb öz xalqına, dövlətinə qarşı yalan və iftira atanların bir adı var - xəyanətkar. Azərbaycan xalqı isə xalqa, dövlətə xəyanət edənləri heç zaman bağışlamır!
Pərviz SADAYOĞLU
- Oxunub: 4080 |
- Tarix: 06-02-2021 |
-
Çap et |