Azərbaycan-İtaliya münasibətlərinin qədim tarixi və ənənələri var. Təqdiredici hal isə hazırda bu münasibətlərin hər iki ölkənin maraqları, xalqlarımızın mənafeləri nəzərə alınmaqla yüksələn xətt üzrə inkişaf etdirilməsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan-İtaliya münasibətləri tamamilə yeni mərhələyə qədəm qoydu. Son illərdə Azərbaycan-İtaliya münasibətləri, sözün əsl mənasında, özünün intibah dövrünü yaşayır desək yanılmarıq. Prezident İlham Əliyevin İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbulu zamanı məhz bu əlaqələrin əhəmiyyətinə və gələcək inkişafı məsələlərinə toxunuldu.
S.Mikayılova qeyd edib ki, ötən ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri baş tutdu və bu səfər çərçivəsində olduqca faydalı sənədlər imzalandı. Bu sənədlərin fövqündə dayanan isə məhz “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” idi. Bu sənədin imzalanması Azərbaycan-İtaliya münasibətlərinin çox uzun illər üçün yol xəritəsini ortaya qoydu. Bu sənəddə həm siyasi, həm iqtisadi, həm də humanitar aspektlər öz əksini tapıb.
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı İtaliya özünün dostluq mövqeyini ortaya qoydu və Azərbaycanın mövqeyini dəstəklədi: “İtaliya, sözün əsl mənasında, çox obyektiv, ədalətli bir mövqe sərgilədi və Azərbaycanın haqlı mövqeyinin tərəfində durdu. Əlbəttə, bu, çox təqdirəlayiq bir hal idi və məntiqi nəticəsi də odur ki, italyan şirkətləri işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb edilən ilk şirkətlərdəndir. Bu reallıqları nəzərə alaraq ümid edirik ki, İtaliya şirkətləri ilə işğaldan azad edilən ərazilərin bərpası ilə bağlı növbəti çoxsaylı sənədlər imzalanacaq və İtaliya şirkətləri həmin ərazilərin bərpasında aktiv şəkildə iştirak edəcək.
Deputat əlavə edib ki, İtaliya ilk Avropa dövlətidir ki, Qarabağ münaqişəsinin həllində kifayət qədər aktiv mövqe tutaraq döyüş əməliyyatlarından sonra rəsmi nümayəndə heyətləri səviyyəsində Azərbaycana səfərlər həyata keçirdi. 2020-ci il dekabrın 7-8-də İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etdi və onlar Azərbaycanın erməni təcavüzünə məruz qalan bölgələrində oldular, öz gözləri ilə bu faciələri gördülər və bununla bağlı Avropa ictimaiyyətinə məlumat verdilər. Xüsusilə onlar Ağdam haqqında müfəssəl məlumatları geniş auditoriya ilə bölüşərək bildirdilər ki, Ağdam “ruhlar şəhəri”dir. Avropa ictimaiyyətində bu məsələ ilə bağlı böyük reaksiya oldu. Dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri reallaşdırıldı. Bütün bunlar İtaliya-Azərbaycan münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu ortaya qoyur.
Deputat əlavə edib ki, hazırda İtaliya Azərbaycan məhsullarının ən iri idxalçı ölkəsidir. Belə ki, İtaliya neft-qaz məhsulları üzrə ölkəmizin ixrac siyahısına başçılıq edir. 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bu məhsulların ixracının 31,4 faizini İtaliyaya reallaşdırıb. Qeyri-neft məhsulları üzrə də İtaliya Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin ilk onluğuna daxildir. Azərbaycana yatırılan xarici investisiyaların həcminə görə isə İtaliya önəmli yerlərdən birini tutur.
S.Mikayılova vurğulayıb ki, iki ölkə arasında həyata keçirilən layihələr qlobal əhəmiyyətinə görə xüsusi diqqət çəkir. Belə ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın 2020-ci ilin sonunda işə salınması ilə Avropanın qaz təchizatında yeni mərhələnin başlanğıcı qoyulub. Gündəlikdə duran digər layihələrin reallaşdırılması münasibətləri tamamilə yeni və daha məhsuldar müstəviyə çıxaracaq.
- Oxunub: 2640 |
- Tarix: 05-02-2021 |
-
Çap et |