2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni qəsbkarlarından azad edildi.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun bu günlərdə işıq üzü görən “Xilaskar İlham Əliyev” adlı kitabında Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən danışılır, onun tarixi-siyasi əhəmiyyəti oxucuların diqqətinə çatdırılır.
Dörd fəsildən ibarət olan kitabdan öz sözünün müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, redaktoru Əməkdar jurnalist İxtiyar Hüseynlidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer verilən, problemin aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin şərh olunduğu kitabda ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının təmin olunması sahəsində dövlət başçısının xarici siyasət kursunun ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırdığı göstərilir.
Kitabın “Aprel xəbərdarlığı” adlı I fəslində 2016-cı ilin aprel ayında Azərbaycanın yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qalanda ordumuz tərəfindən düşmənin təxribatlarının qarşısının alınmasının, əks-hücum əməliyyatları ilə Tərtər rayonunda bir sıra ərazilərin və mövqelərin, xüsusən Cəbrayıl rayonunun ərazisindəki Lələtəpə yüksəkliyinin və Cocuq Mərcanlı kəndinin işğaldan azad etməsinin əhəmiyyəti təhlil olunur.
“Sərkərdənin gücü – Azərbaycanın qüdrəti” adlı II fəsildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin liderlik keyfiyyətlərinin ölkəmizin inkişafında müstəsna rolu təhlil olunur. Hərbi quruculuq məsələlərinə kitabda xüsusi yer ayrılır və konkret faktlarla göstərilir ki, Azərbaycanın müasir texnologiyalara əsaslanan silahlarla silahlanmış, mükəmməl təlim görmüş modern Ordusu yaradılıb. 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərkən Ordumuz Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə düşmənə sarsıdıcı zərbələr endirərək, zabit və əsgərlərimizin şücaətini bütün dünyaya göstərdi.
“Vətən müharibəsi” adlı III fəsildə 44 gün davam edən müharibədə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi Qələbənin tarixi-siyasi əhəmiyyəti şərh olunur. Azərbaycanı zəfərə aparan yolun siyasi, sosial-iqtisadi, diplomatik və digər tərəfləri peşəkarlıqla işıqlandırılır.
“Zəfərin təntənəsi” adlı IV fəsildə Vətən müharibəsinin nəticələrinin Azərbaycanın geosiyasi vəziyyətinə, dünya birliyində tutduğu mövqeyinə təsiri təhlil edilir. Kitabda ümumiləşdirmələr aparılaraq vurğulanır ki, Azərbaycan Ordusunun şanlı Qələbəsi ermənilərin tarixən özləri haqqında yaratdığı miflərin üzərindən xətt çəkdi, onun boşluğunu və mənasızlığını sübut etdi.
Kitabın əhəmiyyətini artıran xüsusiyyətlərdən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətinin siyasi-ideoloji baxımdan müfəssəl və səlis şəkildə ictimai fikrə çatdırılmasıdır. Kitabda verilmiş məqalələr 44 günlük Vətən müharibəsinin, şanlı Azərbaycan Ordusunun Müzəffər Komandanı Prezident İlham Əliyevin Böyük Qələbəyə aparan siyasətinin salnaməsidir. Bu məqalələrdə əsgərlərimizin şücaəti, Vətən sevgisi, Qarabağ ruhu vardır.
Qeyd edək ki, I Qarabağ müharibəsinin veteranı olan Bəxtiyar Sadıqovun indiyə qədər nəşr etdirdiyi “Qeyrət və xəyanət”, “İnsan və zaman”, “Həqiqət və yalan”, “Ömrün söz yadigarı” kitablarının da əsas mövzusu Qarabağ münaqişəsi və vətənpərvərlik mövzusu olub.
“Xilaskar İlham Əliyev” kitabı özünün siyasi-ideoloji məzmununa və ədəbi-bədii dəyərinə görə böyük oxucu marağına səbəb olacağı şübhə doğurmur. Bu baxımdan kitab Azərbaycanın qalibiyyət tarixinin geniş təhlil edildiyi dəyərli mənbə də hesab oluna bilər.
- Oxunub: 2460 |
- Tarix: 05-02-2021 |
-
Çap et |