Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən tarixi torpaqlarımızın erməni işğalından azad olunması həmin ərazilərin dirçəlişinin təmin edilməsini, soydaşlarımızın doğma torpaqlara qayıdışı və orada layiqli yaşayışı məqsədilə müvafiq quruculuq, bərpa və yenidənqurma işlərinin aparılmasını zəruri edib. Həmin ərazilərin dağıdılmış və bərbad vəziyyətdə olduğunu, erməni işğalçıları tərəfindən uzun illər ərzində infrastrukturun məhv edildiyini nəzərə alaraq işğaldan azad edilmiş ərazilərin dirçəlişi və sabit inkişafı ilə bağlı regional siyasətdə yeni yanaşmaların tətbiqinə, təkmil və səmərəli idarəetmə sisteminin və mexanizminin qurulmasına böyük ehtiyac yaranıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib.
Deputata bildirib ki, bu baxımdan, dövlətimizin başçısı İlham Əliyevin yanvarın 19-da imzaladığı Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri institutunun təsis olunması, fevralın 4-də imzaladığı Fərmana əsasən isə xüsusi nümayəndəliklər haqqında Əsasnamənin təsdiqlənməsi işğaldan azad edilmiş ərazilərdə mülki idarəetmənin düzgün, çevik və səmərəli şəkildə həyata keçirilməsi üçün müstəsna əhəmiyyət daşıyır.
Həmin fərmanlarda xüsusi nümayəndəliklərin statusu, fəaliyyət istiqamətləri, hüquq və vəzifələri müəyyən edilib, onların fəaliyyətinin təşkili məsələləri tənzimlənib, xüsusi nümayəndəliklərə müvafiq inzibati ərazi vahidlərində bir sıra məsələlər, o cümlədən ərazilərin perspektiv inkişafının təmin edilməsi, mülkiyyətin mühafizəsi, dövlət və bələdiyyə əmlakından səmərəli istifadə olunması, sahibkarlıq, şəhərsalma, tikinti fəaliyyətinin təşkili, ətraf mühitin qorunması, nəqliyyat və yol infrastrukturunun inkişafı və digər məsələlər həvalə olunub.
“Xüsusi nümayəndəliklərin fəaliyyətə başlaması işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə modelinin yaradılmasına xidmət etməklə ölkəmizdə uğurla həyata keçirilən regional siyasətin yeni müstəvidə həyata keçirilməsini şərtləndirir, bu da Dağlıq Qarabağ bölgəsinin sürətlə inkişaf etdirilməsinə, bu bölgənin ölkəmizin və regionumuzun ən gözəl və cəlbedici güşələrindən birinə çevrilməsinə böyük inam yaradır”, - deyə o qeyd edib.
- Oxunub: 2520 |
- Tarix: 05-02-2021 |
-
Çap et |