44 günlük Vətən müharibəsi Azərbaycanda xalq-dövlət birliyinin sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Müharibənin ən qızğın çağında öz əsgəri üçün səfərbər olan dövlətimiz, xalqımız, cəmiyyətin bütün kəsimləri əlindən gələni ortaya qoydu. Təsadüfi deyil ki, döyüşdən qayıdan qazilərimiz, döyüşən jurnalistlərimiz, tələbələrimiz və yüzlərlə sinəsini düşmənə sipər etmiş igidimiz bir fikri deyir: “döyüş vaxtı gözümüz arxada qalmadı”. Hər kəs bilirdi ki, onun evdə qoyub gəldiyi ailəsi, valideynləri, körpələri güclü, qüdrətli dövlətin himayəsindədir, xalqa əmanətdir. Dövlət bu ailələrin problemləri ilə maraqlandı. Bu gün də maraqlanır. Şəhidlərimizin ailələri, sağlamlıqlarını itirmiş qazilərimiz birmənalı şəkildə dövlətin diqqəti və qayğısı ilə əhatə olunub.
Amma radikal müxalifət yenə də suyu bulandıraraq orada balıq tutmağa niyyətlənib. Müharibə dövründə xalqla, dövlətlə bir yerdə olmaq istəməyən AXCP və sədri Əli Kərimli, antimilli şuraçılar bu gün ağızlarının ölçüsündə “çullu dovşan” tapmaq üçün sosial şəbəkələri öz yalanları ilə “bəzəməyə” çalışırlar. İstər müharibə getdiyi 44 gün, istərsə də noyabrın 10-da Ermənistan üzərində qazanılan qələbədən sonrakı təxminən 3 ay ərzində bir dəfə də olsun şəhid dəfnində iştirak etməyi özünə rəva bilməyən, bir şəhid ailəsinin qapısını açmayan, onların ən azından halını soruşmayan, bir qazinin əlini sıxıb dərdinə şərik olmayan Əli Kərimli, Gültəkin Hacıyeva və onlar kimi antimilli xislətlilər sosial şəkələrdə boşboğazlıq etməklə, yalan-palan dezinformasiyalarla ürək bulandırmaqla məşğuldurlar. Görəsən, bu gün çeşidli yalanlar danışan Əli Kərimli müharibə dövründə öz təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürən qocalarımızdan, tələbələrimizdən utanırmı? Niyə belə əminliklə deyirəm, çünki əgər Əli Kərimli, Gültəkin Hacıyeva bu fonda və ya yeni yaranan “YAŞAT” fonduna bir manat pul köçürsəydilər, bunu özləri üçün reklam vasitəsinə çevirərdilər. 20 Yanvar faciəsinin, Xocalı soyqırımının ildönümlərini özləri üçün şouya çevirməyə cəhd göstərən Əli Kərimli və ətrafındakılar bu fürsəti əldən verməzdilər.
Bəli, dövlət döyüşlərdə daha ciddi xəsarət alan qardaşlarımızı lazım gəldiyi təqdirdə xarici ölkələrdə müalicəyə göndərir, ölkə daxilində müalicəsi mümkün olanların reabilitasiyası uğurla davam edir. Öz yalanları ilə siyasi dividend qazanmaq istəyən Əli Kərimli və Gültəkin Hacıyeva isə çirkin kampaniyalar vasitəsilə sosial şəbəkələrdə fərqli mənzərə yaratmağa çalışır. Təbii ki, onların bu cəhdləri birmənalı şəkildə fiaskoya məhkumdur. Bir sözlə, dağıdıcı ünsürlərin yalanlarının ömrü isə sabun köpüyü kimi bir andan çox olmur...
- Oxunub: 2340 |
- Tarix: 05-02-2021 |
-
Çap et |