Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə işlərinə start verilib. Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva qəzetimizə açıqlamasında deyib ki, vaksinasiyanın aparılması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil: “Bundan sonra bir müddət də hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə gözləməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir”.
Onun sözlərinə görə, COVID-19 infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, həmin infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır: “Yoluxma halları baş verdikdə belə vaksin vasitəsilə qazandığımız anticisimlər sayəsində xəstəlik yüngül şəkildə keçəcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır. İnsanlar arasında yoluxma nəticəsində yaranan təbii immunitet və eyni zamanda, vaksinasiya tədbirləri nəticəsində yaranan süni immunitet əhalinin 70 faizində formalaşarsa, epidemik proses sönəcək. Ölkədə vaksinasiya tədbirləri mərhələlərlə həyata keçirilir. Birinci mərhələdə əhalinin risk qrupları peyvənd olunacaq. Bu əhali qruplarına, ilk növbədə, tibb işçiləri, tənəffüs yollarının xroniki xəstəlikləri olan şəxslər, yaşı 65-dən yuxarı olan insanlar və digərləri aiddir. Azərbaycanda istifadə olunan “CoronaVAC” vaksini təhlükəsiz və effektivdir. Vaksinin effektivliyi klinik tədqiqatlar əsasında yüksək (91,5 faiz) qiymətləndirilib. Peyvəndləmə bu xəstəliklə mübarizədə əsas vasitədir”.
MÜŞFİQƏ
- Oxunub: 1950 |
- Tarix: 05-02-2021 |
-
Çap et |