Prezident İlham Əliyev hər zaman çıxışlarında işğaldan azad olunmuş ərazilərimizin bərpasında Azərbaycanın dost ölkələri təmsil edən şirkətlərlə əməkdaşlıq edəcəyini bəyan edib. İtaliya da Azərbaycana dost ölkələrdəndir və strateji tərəfdaşımızdır. Ölkələrimiz arasında bütün istiqamətlər üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Təsadüfi deyil ki, 2020-ci il İtaliyada Azərbaycan ili kimi qeyd olundu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
K.Nurullayeva vurğulayıb ki, Azərbaycan və İtaliya arasında dostluq münasibətləri 44 günlük Vətən müharibəsi dövründə də rəsmi Roma tərəfindən açıq şəkildə bəyan olundu. İtaliyanın ayrı-ayrı rəsmi orqanlarında müxtəlif səviyyələrdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul olundu. Həmin sənədlərdə də vurğulanırdı ki, İtaliya bölgədə sülh və hörmətin bərqərar olması üçün tərəflərin BMT-nin müvafiq qətnamələrinə və 10 noyabr tarixində imzalanmış Bəyanatdan irəli gələn öhdəliklərə əməl etməsinin vacibliyi vurğulanırdı. Hərbi əməliyyatlar dövründə həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter almışdı. Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, torpaqlarımızın 20 faiz ərazilərinin işğal olunduğu, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi xatırladılırdı. Bir sözlə, hər zaman münaqişənin həlli ilə bağlı ədalətli mövqe sərgiləyən İtaliyanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqe bir çox ölkələr üçün əsl örnək idi.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən də söylədiyi kimi, Vətən müharibəsi zamanı azad edilmiş ərazilərin bərpasına dost ölkələrin yaxından cəlb edilməsi və onlara geniş imkanlar yaradılması da iki ölkə arasında dost münasibətlərinin bariz nümunəsidir: “Ümumiyyətlə, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın gələcək inkişafı üçün geniş potensial var. Xüsusilə, İtaliya şirkətlərinin qeyri-neft sektorunda fəallığı hər iki ölkənin maraqlarına tam cavab verir. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak ediblər. Ticarət dövriyyəsi üzrə də İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır və ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Eyni zamanda, ötən il pandemiya səbəbindən ölkədə 4,3 faizlik iqtisadi azalmaya baxmayaraq, Azərbaycanın qeyri-enerji sənayesində 12,5 faiz artım qeydə alındı ki, bu baxımdan sənayeləşmə proqramında İtaliya şirkətlərinin rolunu xüsusi qeyd etməliyik. Təsadüfi deyil ki, hələ 2018-ci il iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilən polipropilen zavodunun açılışında ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella şəxsən iştirak etmişdi. Bu, İtaliyanın bu sahədə Azərbaycanla əməkdaşlığa ən yüksək səviyyədə verdiyi önəmin göstəricisi idi”.
Könül Nurullayeva deyib ki, Azərbaycan, həmçinin İtaliya ilə bu gün kifayət qədər aktuallıq kəsb edən “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıqda maraqlıdır. Eyni zamanda, İtaliya-Azərbaycan münasibətləri humanitar sahə üzrə də inkişaf etməkdədir. Belə ki, Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasını, yeni ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsində əhəmiyyətli hadisə kimi qiymətləndirməliyik.
- Oxunub: 2430 |
- Tarix: 04-02-2021 |
-
Çap et |