Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı fevralın 4-də ölkəmizdə səfərdə olan ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayerlə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri bu gün dinlər və sivilizasiyalar arasında dialoqun baş tutması üçün əsas şərtə çevrilən, mütərəqqi dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan tolerantlıq və multikulturalizm Azərbaycan xalqının əsrlər boyu formalaşan, eyni zamanda, çoxları üçün örnək göstərilən xarakterik xüsusiyyəti olduğunu deyib. Bu dəyərlərin, eləcə də Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında yəhudi icmalarının özünəməxsus yeri olduğunu qeyd edən komitə sədri vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində yəhudi vətəndaşlarımız da iştirak edərək, digər dinlərin nümayəndələri ilə birgə həmrəylik göstəriblər.
Öz növbəsində ölkə rəhbərliyi tərəfindən milli və etnik icmalara, o cümlədən Azərbaycanda əsrlərlə yaşamış yəhudi icmalarına xüsusi diqqət və qayğının göstərildiyini söyləyən M.Şnayer etnik müxtəlifliyə, multikultural mühitə görə Azərbaycanın onlar üçün nümunə olduğunu deyib. Qeyd edilib ki, Azərbaycan təkcə müsəlman aləmində deyil, həmçinin dünya miqyasında yüz illər ərzində tolerantlıq və dözümlülüyün hökm sürdüyü nümunəvi ölkədir. “Dövlətinizin yürütdüyü siyasətin nəticəsidir ki, burada yaşayan yəhudi icması və digər icmalar Azərbaycan xalqının tam və bərabərhüquqlu üzvü olmaqla yanaşı, güclü və inkişaf etmiş Azərbaycanın qurulmasında iştirak edirlər.
ABŞ-ın NBC kanalında hər həftə ravvin kimi çıxışlar etdiyini deyən Mark Şnayer bugünkü çıxışında Azərbaycana səfərindən, buradakı görüşlərindən, ölkəmizdə hökm sürən tolerantlıq və birgəyaşayış mühitindən danışacağını da diqqətə çatdırıb.
Sonda qonağa DQİDK-nın nəşr etdirdiyi, Azərbaycandakı multikulturalizm və tolerantlıq ənənələrinə dair kitablar təqdim olunub.
- Oxunub: 2070 |
- Tarix: 04-02-2021 |
-
Çap et |