Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil müəssisələrində əyani tədris prosesinin təşkili ilə tanış olur.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, ənənəvi xarakter alan bu təşəbbüs çərçivəsində idarə müdiri ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi qaydada tədrisin təşkili vəziyyəti ilə maraqlanır və dərs prosesini izləyir.
Xatırladaq ki, Bakıda ibtidai siniflərdə əyani təhsil həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarda isə həftədə 2 dəfə təşkil olunur. Ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) və xüsusi məktəblərdə (I-IX siniflərdə) isə əyani tədrisə fevralın 15-dən start verilməsi nəzərdə tutulur. Ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədrisin bərpası planlaşdırılır.
Məlum olduğu kimi, əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.
Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.
Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 min 18 şagird təhsil alır. Məktəbəhazırlıq qruplarına isə 27 min 122 uşaq cəlb olunub.
- Oxunub: 2070 |
- Tarix: 04-02-2021 |
-
Çap et |