“30 ilə yaxındır, düşmən tapdağında olan torpaqları azad etmək hər bir Azərbaycan gəncinin ən böyük arzusu idi. Mən Azərbaycan gənci kimi qürur hissi duyuram ki, işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak etmişəm”.
Bu fikirləri qəzetimizə açıqlamasında Vətən müharibəsi qazisi Elnur Əkbərov deyib.
27 yaşlı qazimiz Elnur Əkbərovun sözlərinə görə, döyüşlərdə iştirak edən hər bir gəncdə vətənpərvərlik hissi və döyüş əhval-ruhiyyəsi çox yüksək idi: “Ona görə ki, Azərbaycan gəncliyi daim vətənpərvərlik ruhunda tərbiyə olunub. Şəxsən mənə ailədə, orta məktəbdə və tələbəlik illərində vətənpərvərlik hissi aşılanıb. Müharibə başlayan kimi döyüşə hazır olan hər bir Azərbaycan gənci kimi mən də düşünmədən ordu sıralarına yazıldım. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralandım, sol qolumu itirdim, ayaqlarımdan xəsarət aldım. Azərbaycan Prezidenti, Ali Baş Komandan tərəfindən “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşam”.
E.Əkbərov deyib ki, onda və döyüş yoldaşlarında olan Vətənə bağlılıq, düşmənə qarşı qisas hissi onları döyüş meydanında şücaət və qəhrəmanlıq göstərməyə sövq edib: “Azərbaycan gəncləri torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirakı özləri üçün şərəf hesab edirdilər”.
Qazimizin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu gənclər siyasəti nəticəsində ölkəmizdəki gənc nəsil təkcə döyüş meydanında deyil, bütün sahələrdə, o cümlədən idman və təhsil sahəsində də öz bilik və bacarıqlarını nümayiş etdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 1860 |
- Tarix: 04-02-2021 |
-
Çap et |