“Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir. Ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə edilir”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev deyib.
Elşən Musayev bildirib ki, hər bir ölkənin inkişafını təmin edən mühüm amillərdən biri müasir çağırışlara uyğun gənclər siyasətinin həyata keçirilməsidir. Bu siyasət təkcə gəncliyin fiziki və mənəvi inkişafını təmin etmir, eyni zamanda, dövlətin gücünü artırır. Bu baxımdan, Azərbaycan nümunəsi müsbət örnək kimi diqqəti cəlb edir.
E.Musayev Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin son 17 il ərzində müvəffəqiyyətlə davam etdirildiyini söyləyib: “Prezident İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə milli maraqların ətrafında sıx birləşmiş sağlam gənclik mövcuddur və gənclər müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Azərbaycan gəncliyi Vətən müharibəsində öz vəzifəsini şərəflə yerinə yetirib və torpaqlarımızın işğaldan azad olunmasında misilsiz şücaət nümayiş etdirib. Bu, çox qürurverici məqamdır”.
NARDAR
- Oxunub: 1800 |
- Tarix: 04-02-2021 |
-
Çap et |