Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ölkəmizdə fındıqçılığın inkişafına dövlət dəstəyi öz bəhrəsini verir

Ölkəmizdə fındıqçılığın inkişafına dövlət dəstəyi öz bəhrəsini verir

04.02.2021 [08:56]

Regionlarda bu sahə ilə məşğul olan fermerlərə subsidiyaların verilməsi intensiv yeni bağların salınmasına və məhsuldarlığın artırılmasına birbaşa təsir göstərir
Məlum olduğu kimi, son 17 ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Görülən tədbirlərin nəticəsidir ki, son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişafında da mühüm uğurlar əldə olunub.Qeyd edək ki, kənd təsərrüfatının inkişafı yönündə görülən tədbirlər sırasında ixrac potensialı yüksək olan sahələrə dəstək göstərilməsi mühüm əhəmiyyət daşıyır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ixracın artırılması baxımından aqrar sektorda perspektivli sahələrdən biri də fındıqçılıq hesab olunur. Bu səbəbdən də regionlarda fermerlər fındıqçılığın inkişafına xüsusi maraq göstərir, yeni bağların salınması, habelə qabaqcıl təcrübənin tətbiq edilməsi ilə məhsuldarlığın artırılmasına çalışırlar. Bununla yanaşı, ixracyönümlü məhsulların istehsalının artırılmasında maraqlı olan dövlətimizin müvafiq qurumları da bu sahənin inkişafı üçün öz dəstəklərini əsirgəmirlər.
Ötən il fındıqçılıq sahəsində yüksək məhsuldarlıq əldə edilib
Yeri gəlmişkən, qeyd edək ki, fındıqçılığın inkişafı istiqamətində mühüm tədbirərin görülməsi, o cümlədən dövlət dəstəyinin göstərilməsi nəticəsində ötən il ərzində də bir sıra rayonlarda yüksək məhsuldarlıq qeydə alınıb. Məsələn, Şəki rayonunda 2020-ci ildə fındıq istehsalı xeyli artıb. Rayonun fındıq bağlarından ötən il 3 min 995 ton məhsul tədarük olunub ki, bu da 2019-cu illə müqayisədə 698 ton çoxdur. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, son illər rayon ərazisində 2,9 min hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayonda fındıq bağlarının ümumi sahəsi 3 min 891 hektardır. Bu bağların 2 min 823 hektarı barverəndir.
Məlum olduğu kimi, fındıqçılığın məhsuldar olduğu rayonlar içərisində şimal rayonları, xüsusi ilə fərqlənir. Elə Baləkəndə əldə edilən nəticələr də deyilənləri təsdiqləyir. Belə ki, ötənilki mövsümdə Balakən rayonunda fındıq bağlarından 6 min 226 ton məhsul tədarük olunub. Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli bildirib ki, son illər rayon ərazisində 4 min 765 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 10 min 542 hektara çatdırılıb. Həmin bağların 5 min 571 hektarı barverəndir.
Fındıqçılıq təsərrüfatlarının inkişafı baxımından fərqlənən Oğuz rayonunda da ötən il müsbət nəticələr qeydə alınıb. Belə ki, rayonda yerləşən fındıq bağlarından 491 ton məhsul tədarük olunub. Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov deyib ki, rayon ərazisində 2 min hektarda yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 3 min 695,5 hektara çatdırılıb.
2020-ci ildə Zaqatala rayonunda fındıq istehsalı əvvəlki illə müqayisədə 16 tonadək artıb. Belə ki, rayonda yerləşən fındıq bağlarından 15 min 359 ton məhsul tədarük olunub. Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən verilən məlumata görə, ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Zaqatala rayonunun kənd təsərrüfatı üçün prioritet istiqamətlərindən biridir. Qeyd edilib ki, 2016-cı ilə qədər rayonda cəmi 9 min 575 hektar fındıq bağı mövcud idisə, son dörd ildə fındıq bağlarının ümumi sahəsi iki dəfədən çox artırılaraq 20 min 181 hektara çatdırılıb.
İsmayıllı rayonunda da fındıq bağlarının sahəsi ildən-ilə genişləndirilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, son illər İsmayıllı rayonunda da fındıqçılığa maraq artıb və artıq bölgədə fındıq bağlarının sahəsi 2004 hektara çatdırılıb. Ötən il fermerlər bağlardan 283 ton fındıq götürüblər ki, bu da 2019-cu ildəkindən 2 ton çoxdur.
Yeni fındıq bağlarının salınması istiqamətində davamlı işlər aparılır
Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycanda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə son illər regionlarda yeni fındıq bağlarının salınması istiqamətində davamlı işlər aparılır. Məsələn, fındıqçılığın inkişaf etdirilməsi məqsədilə ötən il Qəbələ rayonunda 101 hektarda yeni fındıq bağları salınaraq, bağların sahəsi 7 min 164,3 hektara çatdırılıb. Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov bildirib ki, son illər rayon ərazisində 2 min hektardan çox sahədə yeni fındıq bağları salınıb. 2021-ci ildə daha 200 hektarda yeni bağların salınması nəzərdə tutulur.
Fındıqçılığın inkişaf etdirilməsi Qax rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biri sayılır. Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov bildirib ki, son illər rayon ərazisində 3 min 359 hektarda yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 209 hektardır. E.Aslanov deyib ki, aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanılması ilə əlaqədar fermerlər fındıqçılığın inkişaf etdirilməsinə daha ciddi yanaşırlar.
Qeyd etmək yerinə düşər ki, dövlətin dəstəyi bu sahəyə öz töhfəsini verir. Belə ki, fermerlər fındıq istehsalını artırmaq üçün son illər aqrotexniki tədbirlərə xüsusi diqqət yetirirlər. Hazırda bağ sahibləri fındıq bağlarında budama işlərinə də başlayıblar. Eyni zamanda, fındıq bağlarına üzvi gübrələrin verilməsi və suvarma işlərinin aparılmasını həyata keçirirlər.
Əkin subsidiyası ödənilməsi zamanı intensiv yeni fındıq bağlarının torpaq kateqoriyası da nəzərə alınacaq
Yuxarıda qeyd edildiyi kimi, ölkəmizdə fındıqçılıq sahəsinin inkişafına dövlət dəstəyi fermerlərin fəaliyyətinin genişləndirilməsinə mühüm töhfə verir. Belə ki, yanvarın 6-da Prezident İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, bu il intensiv üsulla fındıq, zeytun, nar və sitrus bağlarının salınmasına görə birdəfəlik əlavə maliyyə dəstəyi göstəriləcək.
Bu məqamda onu da xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurası 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, fermerlərdən gələn təkliflər nəzərə alınaraq, bu il fındıq bitkisi üzrə dövlət dəstəyi Ağdaş, Tovuz, Tərtər, Şamaxı, Yardımlı rayonlarında salınan fındıq bağlarına da şamil ediləcək. Halbuki, ötən il fındıq bitkisi üzrə əkin subsidiyası yalnız Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Şabran, Şəki rayonlarında salınan bağlara şamil edilirdi.
Kənd Təsərrüfatı Nazirliyindən verilən son məlumata görə, bu il birdəfəlik əkin subsidiyası ödənilməsi üçün intensiv yeni fındıq bağlarının torpaq kateqoriyası da nəzərə alınacaq. Belə ki, 2021-ci ildə intensiv üsulla saldığı fındıq bağının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyası almaq istəyən fermerlər bağın meşə fondunun boş torpaqlarında, yaxud da dağlıq (dağətəyi) zonalarda yerləşməsinə diqqət yetirməlidirlər. Birinci halda, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən kateqoriyası meşə fondu olan torpaqlar birdəfəlik əkin subsidiyası üçün nəzərə alınacaq. Dağlıq (dağətəyi) zonalarda salınacaq fındıq bağlarına isə təqdim edilən istifadə hüququna dair torpaq sənədində torpağın kateqoriyası kənd təsərrüfatı, məqsədli təyinatı əkin, çoxillik əkmə və ya dinc olan müraciətlər birdəfəlik əkin subsidiyası üçün nəzərə alınacaq. Bu zaman əsas tələb torpağın dəniz səviyyəsindən 200-1500 metr hündürlükdə yerləşməsi olacaq.
Fındıqçılıqla məşğul olan fermerlərə subsidiyaların ödənilməsi 2021-ci ildə də davam etdiriləcək
Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, fermerlər 1 fevral - 31 may tarixləri aralığında birdəfəlik əkin subsidiyası üçün müraciət edə biləcəklər. Bağ salacaq fermer əkin subsidiyasına edilən müraciət qaydasında istifadə hüququna dair torpaq sənədi ilə EKTİS-də qeydiyyatdan keçməlidir. Fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS (coğrafi informasiya sistemi) vasitəsilə monitorinqi aparılacaq. Birdəfəlik əkin subsidiyasını ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınmış, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş və damcı suvarma sisteminin qurulmuş olmasıdır. Bu şərtlərə sahib olmayan fındıq bağları birdəfəlik əkin subsidiyası ala biləcək.
Qeyd edək ki, Aqrar Subsidiya Şurasının 2019-cu ildə qəbul etdiyi qərara görə, intensiv üsulla salınmış fındıq bağlarının hər hektarına ilk 4 il ərzində 400 manat verilməsi nəzərdə tutulmuşdu. Dörd ildən sonra isə bağların hər hektarına görə bağ sahibi 240 manat subsidiya alacaq. 2021-ci ildən etibarən intensiv bağlarda bağ sahibinə ilk 4 il ərzində hər hektara 700 manat əkin subsidiyası, sonrakı illərdə və ənənəvi bağlara isə 240 manat əkin subsidiyası ödəniləcək.
Sonda onu da xatırladaq ki, ötən ildən etibarən, fermerlər subsidiya üçün EKTİS üzərindən onlayn müraciət edir və subsidiyalar “Fermer Kartı”na ödənilir. Belə ki, birdəfəlik subsidiyanın məbləği müraciət təsdiqləndikdən sonra “Fermer Kartı”na köçürülür. Vəsaitin 75 faizi həmin bağların salınması üçün tinglərin alınmasına, gübrə və pestisidə xərclənə biləcək və ya bu istiqamətdə əvvəlcədən alınan borclara yönləndiriləcək. Bu vəsait hesabına bağların salınması üçün istifadə edilən suvarma sisteminin qurulması və kredit borclarının ödənilməsi də mümkün olacaq. Subsidiyanın qalan 25 faizi isə fermer tərəfindən nağdlaşdırılaraq bağların salınmasına lazım olan digər xərclər üçün istifadə edilə bilər.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30