“Vətəni qorumaq, onun uğrunda canını belə əsirgəməmək hər bir gəncin ən ümdə borcudur. Mən o mənada özümü çox xoşbəxt hiss edirəm ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçısı olmuşam və bu döyüşlərdə yaralanmışam”. Bu fikirləri qəzetimizə açıqlamasında Vətən müharibəsi qazisi Emin Eminov deyib.
1993-cü ildə Sumqayıt şəhərində anadan olan E.Eminov 2020-ci ilin sentyabrın 30-da hərbi xidmətə yola düşüb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edən E.Eminov oktyabrın 6-da Suqovuşan uğrundakı döyüşlərdə yaralanıb. Ölkə Prezidenti tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
2016-cı il aprel döyüşlərinin də iştirakçısı olmuş qazimiz bildirib ki, ölkəmizdə gənclərin milli vətənpərvər ruhda yetişməsi üçün davamlı addımlar atılır. “Bakı Slavyan Universitetini bakalavr, “Odlar Yurdu” Universitetini isə magistr pilləsi üzrə bitirmişəm, özəl bankların birində çalışıram. 2016-cı il aprel döyüşlərinin iştirakçısı olmuşam və həmin dövrdə döyüşlər mənim xatirimdə böyük iz buraxmışdı. Bir məqama toxunum ki, 2020-ci il Vətən müharibəsində əldə olunan qələbə həm də illərdir ki, dövlətimizin gənclərin inkişafı, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində apardığı siyasətin nəticəsi idi. Vətən müharibəsində döyüşən hər bir gəncimiz öz dövlətinə, Ali Baş Komandanına sonuna qədər inandı. Məhz bu inam bizim qələbəmizdə böyük rol oynadı”, - deyən E.Eminov vurğulayıb ki, əldə olunan qələbə gözəl gələcəyimizin təməlidir.
E.Eminov onu da bildirib ki, döyüşən hər bir insan arxasında güclü, böyük dövlətin dəstəyini hiss edib: “Səngərdə düşmənlə üz-üzə dayanan hər bir gənc öz ailəsindən, valideynindən arxayın idi. Bilirdi ki, dövlətimiz onları tək qoymur, onların problemləri ilə maraqlanır. Bu gün də həmin qayğı və dəstək davam edir. Bunun üçün isə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkür edirəm”.
PƏRVİZ
- Oxunub: 2310 |
- Tarix: 03-02-2021 |
-
Çap et |