“Mən Qarabağda doğulub, Qarabağda boya-başa çatmışam. Bu səbəbdən mənim üçün Qarabağ uğrunda döyüşmək Vətən borcu olmaqla yanaşı, həm də ülvi bir hiss idi. Bu gün Qarabağı azad görmək, Şuşaya və digər torpaqlarımıza yenidən sahib olmaq olduqca qürurvericidir”. Bu fikirləri qəzetimizə açıqlamasında Vətən müharibəsi qazisi Altay Xəlilov deyib.
Qeyd edək ki, 1988-ci ildə Ağcabədi rayonunda anadan olan Altay Xəlilov 2020-ci ilin sentyabrın 28-də torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə qatılıb. Cəbrayıl və Qubadlı rayonlarının düşməndən azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak edən A.Xəlilov oktyabrın 31-də Qubadlı rayonu ərazisində yaralanıb. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Vətən uğrunda gedən döyüşlərdə qazi olmuş A.Xəlilov bildirib ki, hər bir gənc öz torpağını, öz Vətənini hər şeydən üstün tutmalı, onun azadlığı uğrunda lazım gəldiyi təqdirdə canından belə keçməlidir. Vətən müharibəsi dövründə gənclərin vətənpərvərlik ruhunun yüksək olduğunu və bunun da qələbəyə böyük təsir etdiyini xüsusi vurğulayan A.Xəlilovun sözlərinə görə, bunun əsas səbəbi dövlətin gənclərə olan qayğısı və diqqətidir. “Mən Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunuyam, yol mühəndisiyəm. Uzun illərdir ki, ölkəmizdə gənclərin sağlam inkişafı, vətənpərvər ruhda yetişdirilməsi istiqamətində mühüm tədbirlər görülür, addımlar atılır. Qeyd etməliyəm ki, məhz bu addımların nəticəsi idi ki, ötən ilin iyulunda Tovuz hadisələrindən sonra cənab Prezidentin Vətən uğrunda çağırışına yüz minlərlə gəncimiz cavab verdi. Dövləti, torpağı qorumaq hər bir gəncin, hər bir vətəndaşın vəzifə borcudur. Bu gün dövlətimiz vətən uğrunda həyatını itirmiş şəhidlərimizin ailələrinin hər bir problemi ilə yaxından maraqlanır, qazilərin reabilitasiyası üçün tədbirlər görür. Bununla bağlı müvafiq komissiyalar yaradılır. Bütün bunlar dövlətin öz vətəndaşına, gəncinə verdiyi dəyəri göstərir. Mən səmimi şəkildə bildirirəm ki, bu gün Azərbaycan gəncliyi cənab Prezidentimizin ətrafında sıx birləşib. Bu birlik sarsılmazdır və Azərbaycanın gələcək inkişafında əsaslı rol oynayacaq”, - deyə A.Xəlilov əlavə edib.
PƏRVİZ
- Oxunub: 2340 |
- Tarix: 03-02-2021 |
-
Çap et |