Ekspertlərin fikrincə, radikalların sosial şəbəkələrdəki budəfəki “fəallığı” onların vaxtilə etdikləri xəyanətlərdən diqqətin yayındırılmasına hesablanıb
44 günlük Vətən müharibəsində qazanılan qələbəyə kölgə salmaq üçün bütün “gücünü” səfərbər etmiş radikal müxalifət təmsilçiləri yenidən sosial şəbəkələrdə “fəallaşıb”lar. Bu “fəallığın” isə səbəbi var. Belə ki, ekspertlərin də qeyd etdikləri kimi, radikalların sosial şəbəkələrdəki budəfəki “fəallığı” onların vaxtilə etdikləri xəyanətlərdən diqqətin yayındırılmasına hesablanıb. Hər halda AXCP sədri Əli Kərimlinın və antimilli şuranın digər üzvlərinin son hərəkətləri belə deməyə əsas verir. Vaxtilə etdikləri xəyanətlərin bu dövlət və xalq üçün hansı bəlalara yol açdığını unudan Əli Kərimli necə deyərlər, ayıbına “kor olmaq” əvəzinə, bu gün özlərinin “günahsız” olduqlarını əsaslandırmağa çalışır. Lakin o, əslində, bu açıqlamaları ilə 1992-ci ildə Şuşanın, Laçının işğal edilməsindən hakimiyyət tramplini kimi istifadə etdiklərini etiraf etmiş olur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova deyib ki, radikalların sosial şəbəkələrdə danışdıqları yalanlarla tarixi saxtalaşdırmağa, vaxtilə işğal edilmiş ərazilərimizin onların hakimiyyət hərisliyinin qurbanına çevrilməsi faktını “unutdurmağa” çalışırlar. 29 il öncə baş verənlərin cəmiyyət tərəfindən unudulmadığını, yaxşı xatırlandığını bildirən millət vəkili qeyd edib ki, 1992-ci ilin mayında ölkədə hakimiyyəti qəsb etmək üçün əlində olan silahlı dəstələri Bakıya gətirən və bununla da hakimiyyəti silah gücü ilə zəbt edən AXC-”Müsavat” qruplaşması Şuşanın işğalını özü üçün fürsətə çevirdi: “Bu gün həmin faktları təkzib etməyə çalışan radikal müxalifət tarixi saxtalaşdırmaq istəyir. Amma həmin dövrdə baş verənlər unudulmayıb. Ermənistanın işğalına qarşı mübarizə aparmalı olan silahları, texnikaları, hətta döyüşən insanları belə öz siyasi oyunlarının vasitəsinə çevirən AXC-”Müsavat” cütlüyü hakimiyyətə gələndən sonra da Şuşanı unutdu. Sonrakı mərhələdə Kəlbəcərin işğalı da məhz onların səriştəsizliyinin, hakimiyyət hərisliyinin nəticəsi idi. Əslində, onların 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbəyə qarşı antimilli xarakterli çirkin kampaniyalar aparmaları həm də bundan qaynaqlanır. Radikal müxalifət təmsilçiləri anlayır ki, onlar tarixdə torpaqların itirilməsinin, Azərbaycanın suverenliyinin təhdid altına düşməsinin, ölkənin vətəndaş müharibəsinə sürüklənməsinin günahkarları kimi qalıblar. Bugünkü radikal müxalifət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür etməlidir ki, vaxtilə onların ermənilərə təslim etdikləri Şuşanı yenidən Azərbaycana qaytardı və mədəniyyətimizin paytaxtı elan etdi”.
Milli Məclisin deputatı Ramil Həsən də radikal müxalifətin Vətən müharibəsində qazanılan zəfəri kiçiltməyə çalışmaqla yanaşı, vaxtilə etdikləri xəyanətlərin üstünü örtməyə cəhd göstərdiyini deyib. Millət vəkili diqqətə çatdırıb ki, vaxtilə torpaqların işğal olunmasına zəmin yaradanların bu gün tutduqları mövqe təsadüfi ola bilməz: “Şuşanın işğalı zamanı AXC-”Müsavat” qruplaşmasının davranışları birmənalı şəkildə bundan istifadə etməklə hakimiyyətə gəlməyə hesablanmışdı. Əgər kimlərsə, bunu danmağa və ya təhrif etməyə çalışırsa, bu mümkünsüzdür. Çünki sosial şəbəkələrdə o hadisələri əks etdirən onlarla videoçəkiliş mövcuddur. Bu gün demokratiyadan danışanlar 1992-ci ildə nə xalqın iradəsini, nə də demokratik prinsipləri diqqətə almadı. Təbii ki, bu gün onların bu faktları danması başadüşüləndir. Onlar istəyirlər ki, gənc nəslə yalan informasiya ötürərək özlərinin günahsız olduqlarını “sübut etsinlər”. Bu isə mümkün deyil”.
Pərviz SADAYOĞLU
- Oxunub: 2070 |
- Tarix: 03-02-2021 |
-
Çap et |