Hər il Azərbaycan Gəncləri Günü ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Bu il Azərbaycan Gəncləri Günü həmişəkindən tamamilə fərqli əhval-ruhiyyədə qeyd olunur. Çünki bir neçə aydır ki, Azərbaycan öz tarixinin ən qüdrətli və şanlı dövrünü yaşayır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu cəmi 44 gün ərzində işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək Şanlı Qələbə qazandı və torpaqlarımızı azad etdi. Böyük fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək əldə etdiyi bu möhtəşəm tarixi zəfərdə gənclərimiz misilsiz xidmətlər göstərdilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.
Birliyin sədri vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə rəşadətli ordumuzun sıralarında gənclərimizin böyük rəşadət göstərərək tarix yazması Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin təsdiqidir. Gənclərin milli ruhda tərbiyəsində, onlara Vətən sevgisinin aşılanmasında ən mühüm amillərdən biri də ölkəmizdə uzun illərdir uğurla həyata keçirilən dövlət gənclər siyasətidir.
Azərbaycanda gənclər siyasətinin məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan “İrəli” İctimai Birliyinin sədri deyib: “Ulu Öndər tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti gənclərimizin hərtərəfli inkişafında, onların xoşbəxt və firavan gələcəyinin təmin edilməsində və Vətənə layiqli övlad kimi yetişməsində müstəsna rol oynayır. Ümummilli Lider hər zaman Azərbaycan gəncliyinə arxalanaraq ona böyük ümidlər bəsləyirdi. Bu səbəbdən Ulu Öndər gənclərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsinə xüsusi önəm verirdi və adıçəkilən sahənin tənzimlənməsi üçün vacib olan qanunvericilik bazasının yaradılmasını təmin etmişdi. Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla Azərbaycan Gəncləri Gününün təsis edilməsi gənclərə verilən ali dəyərin bariz nümunəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, postsovet ölkələri arasında, eləcə də Şərqi Avropa regionunda Gənclər Günü ilk dəfə məhz Azərbaycanda qeyd olunmağa başlayıb”.
Ş.Rəhmanlı qeyd edib ki, zaman dəyişsə, həmin tarixi dövrdən uzun illər keçsə də, gənclərə verilən ali dəyər, göstərilən diqqət və qayğı dəyişməyib. Bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq bütün sahələr inkişaf edir. Sevindirici haldır ki, gənclər sektoru inkişafda olan və daim diqqətdə saxlanılan sahələr arasında daim ön sıralardadır. Son illərdə ölkəmizdə aparılan kadr islahatlarında gənclərin dövlət strukturlarında məsul vəzifələrə təyin edilməsi gəncliyə etimadın və diqqətin göstəricisidir.
Prezident İlham Əliyevin gənclərlə çoxsaylı görüşləri, onların diqqət və qayğıları ilə maraqlanması dövlətimizin başçısının ölkə gəncliyinə diqqət və qayğısının təzahürüdür. Təsadüfi deyil ki, dövlətimizin başçısı gənclərlə görüşlərinin birində onlara inamını belə ifadə etmişdi: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu sözlər Azərbaycan gənclərinə göstərilən ali etimadın və sevginin göstəricisi olmaqla yanaşı, onları ölkəmizin inkişafı yolunda durmadan çalışmağa sövq edən boyük motivasiya mənbəyidir.
2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsinin də Azərbaycan gəncliyinə verilən dəyərin bariz nümunəsi olduğunu deyən İctimai Birliyin sədri bildirib: “Bu da xoş bir təsadüfdür ki, həmin könüllülər ordusunun bir qismi Vətən müharibəsində yenidən könüllü döyüşçü kimi Azərbaycan gəncliyinin adını uca tutdu. Gənclərimizin Vətən müharibəsində döyüş meydanında göstərdiyi şücaətin məntiqi davamı olaraq hazırda diplomatiya müstəvisində və durmadan davam edən informasiya müharibəsində də onlar yüksək intellekt və bacarıq nümayiş etdirirlər.
“İrəli” İctimai Birliyi ən böyük gənclər təşkilatı kimi, azərbaycançılıq ideologiyasını öz fəaliyyətində rəhbər tutaraq dövlət gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verir. İctimai Birlik həyata keçirdiyi müxtəlif layihələrdə gənclərin vətənpərvər ruhda tərbiyəsinə mühüm önəm verir. “İrəli” ailəsindən olan bir sıra gəncimiz Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş, Ali Baş Komandan İlham Əliyev tərəfindən medallarla təltif edilib. Bundan əlavə “İrəli” İctimai Birliyi öz fəaliyyətində gənclərin intellektual və mənəvi inkişafına, onların informasiya müharibəsinə yüksək səviyyədə hazırlanmasına böyük önəm verir. İctimai Birlik öz fəaliyyətini bundan sonra da Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində yaranmış reallıqlara uyğun quracaq və Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşən gənclərimizin inkişafı yolunda var gücü ilə çalışacaq”.
- Oxunub: 2580 |
- Tarix: 02-02-2021 |
-
Çap et |