Heç şübhəsiz, cəmiyyətin gələcəyi gənclərin əlindədir və öz gələcəyini düşünən hər bir cəmiyyət də onlara qayğı göstərir. Beləliklə də özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində zəruri addımlar atmaqla bir növ gələcəyini sığortalayır. Bu uzaqgörənlik ilk dəfə ümummilli lider Heydər Əliyevin fəaliyyətində yer tutmuş və bu gün də həmin siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq deyib ki, 2020-ci il yanvarın 22-də Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edərkən haqlı olaraq qeyd edib ki, bu gün dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə kütləvi etiraz aksiyalarında olduğu bir vaxtda Azərbaycan gəncləri küçələrdə deyil, universitetlərdə, məktəblərdədir, gənclər startap biznesinə qoşulublar, onlar hökumət məsələlərinə və könüllülük fəalliyətinə aktiv cəlb olunublar. Bu gün isə qürur və fəxarətlə deyə bilirik ki, həmin gənclər, sadəcə, universitet və məktəblərdə deyil, səngərdə də öz vəzifələrini canları, qanları ilə icra edirlər. Onlar Vətən torpağını düşmən tapdağından azad edərək onu öz qanları ilə suladılar.
Ümummilli Liderin ideyalarını əsas tutan Prezident İlham Əliyev hələ gənc yaşlarından Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdığı üçün bu gün bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. İndi Azərbaycan xalqı ən şərəfli günlərini yaşayır. Bu şərəf hisslərinin keçirilməsində hər bir nəslin nümayəndəsinin payı var. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, gənclərin məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Heç kim bu torpaqları bizə elə-belə verməyib, biz əzəli torpaqlarımızı əhəmiyyətsiz danışıqlarla yox, döyüşə-döyüşə aldıq. Azərbaycan gəncləri mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Vətən sevgisi ilə Qarabağı işğalçılardan azad ediblər və üçrəngli, ay-ulduzlu bayrağımızı əzəli yurdumuza əbədi sancıblar.
“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - deyən ulu öndər Heydər Əliyev bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəbin təməlini qoydu. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli şagirdi olmaq uğrunda əzmlə çalışır. Heydər ƏIiyevin ideyaları, dərin biliyi, uzaqgörənliyi, mərdliyi bu gün biz gənclər üçün örnək olmaqla yanaşı, həm də dövlət qarşısında olan sadiq fəaliyyətimizdə əbədi məşələ çevrilib. Ulu Öndərin qorxmazlığı, sözünü məqamında deməyi bacarması, həqiqətin gözünün içinə dimdik baxması, milli ideallar uğrunda mübarizəsi kimi xarakterik xüsusiyyətləri biz gənclər üçün ən gözəl və ən aydın örnəkdir. Onun fəaliyyətini əsas tutan biz gənclər hər gün dərk edirik ki, mənalı və şərəfli ömür yolu sürmək təkcə özünün nümunəvi davranışlarınla kifayətlənmir, həm də bu istiqamətdə cəmiyyətə faydalı vətəndaş olmaqdan keçir. Vətənə, xalqa, dövlətə, torpağa sonsuz məhəbbət və sədaqət bizim yaddaşlarımıza məhz onun ideyaları ilə aşılanır. Ən çətin məqamlarda belə torpağa və dövlətə sədaqət prinsipi ulu öndər Heydər Əliyevin biz gənclərə ən ali mirasıdır.
Bütün bunlarla yanaşı, Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş şəkildə təbliğ olunaraq gələcək nəsillərə ötürülməsi missiyasını bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva layiqincə icra edir, təhsili, mədəniyyəti, sosial siyasət məsələlərini fəaliyyətinin ana xətlərindən biri hesab edərək, hər bir azərbaycanlının səsinə səs verir və beləliklə də insanların həqiqi, səmimi və dərin sevgisini qazanır. Onun nəcib, qayğı dolu davranışları, çoxşaxəli, səmərəli fəaliyyəti hər bir Azərbaycan gənci, qadını üçün ən düzgün tərbiyə və ən ali nümunədir. Bununla yanaşı, “Xocalıya ədalət!” kampaniyası adı altında Xocalı soyqırımının dünyada tanıdılması işinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva özü şəxsən rəhbərlik edərək, bu işdə Azərbaycan gəncləri ilə hər zaman çiyin-çiyinə çalışıb. Aparılan ardıcıl və sistemli işlərin nəticəsidir ki, bu gün 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyıb. Bu baxımdan da əminliklə və qürurla deyə bilirik ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir.
- Oxunub: 3510 |
- Tarix: 02-02-2021 |
-
Çap et |