Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində məlumatların toplanması və informasiya sistemlərinə həsr edilmiş birinci məruzəsində bildirilir ki, dünyada ölüm hallarının yalnız 60 faizi, Afrika regionunda isə cəmi 10 faizi rəsmən qeydiyyata alınır.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu məruzə “Bloomberg Philanthropies” təşkilatı ilə birgə hazırlanıb.
ÜST ekspertləri dünyanın bütün regionlarında bu sahədə vəziyyəti təhlil edərək belə nəticəyə gəliblər ki, aşağı gəlirli ölkələrin təqribən üçdə ikisində ölüm hallarının uçotu və qeydiyyatı üçün standartlaşdırılmış sistem tətbiq edilir, lakin xüsusən pandemiya şəraitində bu sistemin təkmilləşdirilməsinə ehtiyac var.
ÜST-nin rəhbəri Tedros Qebreyesus deyib: “Pandemiya dövründə ölkələrin tibbi məlumatların toplanması sistemləri öz imkanlarının yuxarı həddində işləyib, eyni vaxtda həm xəstəliyin yayılmasını, həm də səhiyyə sahəsində digər mühüm meyilləri izləmək lazım gəlirdi”.
ÜST rəhbərinin məlumatların təhlili üzrə köməkçisi deyib: “ÜST dünyanın bütün ölkələrində məlumatların toplanmasında mövcud nöqsanları aradan qaldırmağa və tibbi informasiya sistemlərini təkmilləşdirməyə kömək edəcək”.
- Oxunub: 2070 |
- Tarix: 02-02-2021 |
-
Çap et |