Türkiyədə yaşayan diaspor nümayəndələrimizin say çoxluğunu və onların üzləşdiyi problemləri nəzərə alaraq 2020-ci il sentyabrın 1-dən dekabrın 31-dək Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Türkiyə Respublikasında yaşayan azərbaycanlılara hüquqi dəstək” adlı layihə həyata keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşayan, təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan, Türkiyəyə qısa və ya uzun müddətli gəlmə zərurəti yaranan həmvətənlərimizə müxtəlif istiqamətlərdə hüquqi məsləhətlər vermək, səlahiyyətli dövlət orqanlarına yönləndirmək və miqrasiya məsələlərində məlumatlandıraraq hüquqi dəstək xidmətinin təşkil edilməsidir.
Layihə çərçivəsində 119 soydaşımıza miqrasiya işlərində dəstək verilib, miqrasiya məsələlərində tibbi sığorta ilə təmin olunmalarına yardım edilib.
Bundan əlavə, 26 soydaşımıza müxtəlif istiqamətlərdə hüquqi məsləhətlər verilib, lazımi sənədlərin hazırlanması və əldə edilməsində, səlahiyyətli dövlət qurumlarına müraciət olunmasında onlara kömək göstərilib.
Həmçinin COVID-19 pandemiyası ilə əlaqədar olaraq hüquqi məsələlərlə bağlı çətinliklə üzləşmiş soydaşlarımızla çoxsaylı telefon danışıqları aparılıb, onların sosial media platformaları üzərindən sualları cavablandırılıb və hüquqi məsləhətlər verilib.
Soydaşlarımız hər növ hüquqi məsələlərlə dair şifahi və yazılı məsləhətlər, həmçinin izahatlar ilə Ankara Universitetinin sosial elmlər və hüquq fakültəsinin dosenti, hüquqşünas Ləman Süleymanlı tərəfindən təmin edilib.
Layihənin davamlılığı Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən təmin olunacaq.
- Oxunub: 2610 |
- Tarix: 02-02-2021 |
-
Çap et |