Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bir sıra sosial obyektlərin açılışında iştirak etməsi, orada yaradılan şəraitlə yaxından tanış olması, bundan sonra da respublika üzrə bütün sosial layihələrin icrasının davam etdirilməsi barədə göstərişlər verməsi bir daha dövlətimizin qüdrətinin, uğurla həyata keçirilən siyasətin rasionallığının, praqmatikliyinin göstəricisi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, istər pandemiya, istərsə də müharibə vəziyyəti ölkəmizdə sosial layihələrin icrasına mane olmadı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, COVID-19 pandemiyası dünya ölkələrinin, eyni zamanda, Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərsə də, sosial-iqtisadi dayanıqlılıq və səmərəlilik baxımdan fərqli mənzərə ortadadır. Reallıq ondan ibarətdir ki, ötən bir il ərzində pandemiya səbəbindən dünya iqtisadiyyatı yüz milyardlarla dollar itkiyə məruz qaldı. Dünyanın bir çox ölkələr iqtisadi tənəzzül yaşadı, borclanma getdikcə artdı, elə dövlətlər oldu ki, hətta vətəndaşlarına sosial ödənişləri edə bilmədi. Pandemiyanın yaratdığı ağır sosial-iqtisadi vəziyyəti idarə etməyi bacarmayan, yaranmış çətin vəziyyətdən çıxış yolu tapa bilməyən hökumətlər istefa verdi, bir çox ölkələrdə mitinqlər, aksiyalar keçirildi. Təsadüfi deyil ki, bu gün də Belçika, Niderland, Fransa, Almaniya kimi Avropa ölkələrində hökumətlərin pandemiya siyasətinə qarşı davamlı etiraz aksiyaları keçirilir. Lakin həmin ölkələrdən fərqli olaraq, Azərbaycanda hakimiyyət vəziyyəti rasional şəkildə idarə etdi. İnsanların nəinki sosial ödənişləri zamanında verilirdi, hətta vətəndaşlara, sahibkarlara dövlət yardımı da olunurdu. Çətin məqamda dövlətin prioriteti birbaşa insanların sağlamlığı və normal yaşayışı idi ki, bu missiya da çox uğurla reallaşdırıldı. Çünki dövlətimizin siyasətinin mərkəzində insan amili dayanır və Prezident İlham Əliyevin də məqsədi insanların sağlamlığının qorunması ilə yanaşı, ölkəmizin iqtisadi dayanıqlılığının təmin edilməsi fonunda sosial müdafiə tədbirlərini həyata keçirməklə əhalinin sosial rifah halını daha da yaxşılaşdırmaqdır”.
Deputat qeyd edib ki, son illər ərzində görülən işlər, açılan sosial obyektlər, istehsal müəssisələri bir daha Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafını təmin etdiyini, ən əsası, dünyaya yeni iqtisadi model nümayiş etdirdiyini göstərir.
- Oxunub: 2340 |
- Tarix: 02-02-2021 |
-
Çap et |