“Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu neft strategiyasının davamı olaraq bir sıra neft və qaz müqavilələri imzalanıb. İmzalanan bu müqavilələr ölkəmizin iqtisadi qüdrətinin artmasına, eləcə də əhalinin rifah halının yüksəlməsinə xidmət edir. Yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanması da bu baxımdan böyük əhəmiyyətə malikdir. İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov deyib.
Namiq Əhmədov bildirib ki, Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib.
“Azərbaycanla Türkmənistan arasında imzalanmış bu sənəd də Xəzərin bir dostluq və əməkdaşlıq dənizi olduğunu bir daha təsdiqləyir. Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Memorandumun imzalanması tarixi hadisədir və düşünürəm ki, bu hadisə Azərbaycanın neft-qaz strategiyasının inkişafında mühüm rol oynayacaq. Bütövlükdə, bu, Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Eyni zamanda, bu fakt Türk birliyinin, türkdilli ölkələr arasında münasibətlərin güclənməsini də özündə ifadə edir. Düşünürəm ki, düşünülmüş və uzaqgörən siyasət nəticəsində türk dövlətləri və xalqları arasında əlaqələr daha da möhkəmlənəcək və regional güc amilinə çevriləcək. İmzalanmış sənəd Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”, - deyə N.Əhmədov qeyd edib.
- Oxunub: 2370 |
- Tarix: 02-02-2021 |
-
Çap et |