Radikal müxalifət düşərgəsi və onların xaricdə məskunlaşmış uzantılarının Vətən müharibəsində əldə olunan möhtəşəm tarixi qələbəyə qarşı apardıqları antikampaniya səngimir. AXCP sədri Əli Kərimli, antimilli şuraçılar Cəmil Həsənli və Gültəkin Hacıyeva, eləcə də ölkəmizə qarşı çirkin kampaniyalar aparmaqla görəvləndirilmiş Sevinc Osmanqızı və Qənimət Zahid sosial şəbəkələrdə mütəmadi şəkildə bu qələbəni “yarımçıq” adlandırmağa cəhd göstərir, bununla da ermənipərəst dairələrin dəyirmanına su tökməyə çalışırlar. Təbii ki, onların bu uğursuz cəhdləri fiaskoya məhkumdur və xalq xəyanəti özünə peşə etmiş belələrinin yalanlarına inanmır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, radikal müxalifətin Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmaq cəhdləri ikrah doğurur. Dağıdıcı ünsürlərin zəfərimizi “yarımçıq” adlandırmalarının onların özlərinin yaşadıqları “yarımçıqlıq sindromu”ndan irəli gəldiyini deyən M.Məmmədli vurğulayıb ki, antimilli şuraçıların bu addımı onların ermənilərlə və separatizmi dəstəkləyən bəzi maraqlı dairələrlə işbirliyini təsdiqləyir: “Radikal ünsürlərin xarici ölkələrdə “siyasi mühacir” adı altında məskunlaşdırılmış antimilli şəbəkəsi sosial şəbəkələrdə, eləcə də əllərində olan internet resurslarında Ermənistanın maraqlarını müdafiə etməklə məşğuldur. Diqqət yetirsək, görərik ki, ermənilərin 44 günlük müharibə və onun nəticələri ilə bağlı aylardır sosial şəbəkələrdə yaymağa çalışdıqları dezinformasiyaların mahiyyəti antimilli şuraçıların fikirləri ilə mütləq şəkildə uzlaşır. Bu, bir daha onların milli maraqlara düşmən kəsildiyini fakt olaraq ortaya qoyur, antimilli ünsürlərin ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldığını təsdiqləyir. Belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç zaman bağışlanmır”.
Milli Məclisin deputatı Anar Məmmədov isə bildirib ki, radikal müxalifətin və onun xaricdəki uzantılarının Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə qarşı sosial şəbəkələrdə qaralama kampaniyaları aparmaq cəhdləri, bəzi internet televiziyalar vasitəsilə bunu “yarımçıq” adlandırmağa niyyətlənmələri bir daha onların əsl simasını Azərbaycan cəmiyyətinə göstərmiş oldu: “Ermənipərəst mərkəzlərə xidmət edənlər çirkin kampaniyalarla böyük qələbəmizi “kiçiltməyə” cəhd edirlər. 30 il öncə torpaqların işğalına şərait yaradan, torpaqlarımızı hakimiyyət hərisliyinə qurban verənlərin bu gün də eyni mövqedən çıxış etməsi onların dəyişməz xislətinin göstəricisidir. Radikal müxalifət unutmamalıdır ki, Azərbaycan xalqının milli birliyi, Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində azad edilən bu torpaqlar bir vaxtlar məhz onların hakimiyyət oyunlarının qurbanına çevrilmişdi”.
P.SADAYOĞLU
- Oxunub: 2400 |
- Tarix: 02-02-2021 |
-
Çap et |