2020-ci il fevralın 15-də Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirələrdə Azərbaycan Prezidentinin çıxışı ilk dəqiqələrdən iştirakçılar və onlayn izləyicilər tərəfindən böyük diqqət və maraqla dinlənildi. Prezident İlham Əliyevin çıxışında saxta erməni tarixinin beynəlxalq aləmdə ifşası və qarşısının alınması ilə bağlı tarixçilərə, tədqiqatçılara, ziyalılara, siyasətçilərə ünvanlanan həqiqəti özündə əks etdirən kifayət qədər yeni tezislər səsləndirildi.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızının “Münxendən başlayan zəfər” adlı kitabı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş panel çıxışları əsasında hazırlanıb. Kitabın yol xəritəsini Prezident İlham Əliyevin çıxışı və onun “məsələnin tarixinə baxmalıyıq” tövsiyəsi təşkil edir.
Saxtalaşdırılmış erməni tarixinin mifologiya üzərində qurulduğunu təkzibolunmaz faktlarla açıb göstərən bu kitab son iki yüz ildə erməni millətçiləri və ideoloqlarının zaman-zaman yürütdükləri qəsbkar siyasəti ifşa edir. Mötəbər mənbələrdən və arxivlərdən əldə edilmiş elmi araşdırmalar, orijinal stenoqramlar, aktlar, xəritələr, eləcə də tarixi personajların hesabatları və məktubları Qarabağın və Qarabağ münaqişəsinin gerçək tarixi və mahiyyəti haqqında obyektiv və dolğun təsəvvür yaradır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə ithaf edilən kitab Prezident İlham Əliyevin bu fikirləri ilə açılır: “Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münxen Təhlükəsizlik Konfransında bütün dünyaya və bu canlı formatda aparılmış diskussiya əsasında sübut edə bişmişəm ki, bu, bizim tarixi torpağımızdır”.
Bu mövzuda kitab yazılması ideyasının necə yarandığından söz açan müəllif qeyd edir ki, panel müzakirələri sosial şəbəkələrdən izləyən xarici istifadəçilər arasında işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları və Qarabağ münaqişəsi ilə bağlı onlayn sorğu keçirilib. Respondentlər Cənubi Qafqazın taleyi ilə bağlı son iki yüz ildə qəbul edilmiş sənədlər haqqında məlumatların Azərbaycan Prezidenti tərəfindən bir neçə dəqiqə ərzində panel izləyicilərinin diqqətinə çatdırılmasını yüksək əmsallı amil kimi qeyd ediblər. Sorğu iştirakçıları, həmçinin erməni millətçilərinin Cənubi Qafqaz haqqında uydurduqları saxta tarixi ifşa edən faktların geniş təbliğinə ehtiyac olduğunu vurğulayıblar. Bu baxımdan XIX-XX əsrlər ərzində azərbaycanlıların dədə-baba yurd yerləri olan indiki Ermənistan ərazisində məruz qaldıqları etnik təmizləmə və deportasiyanı, müxtəlif ölkələrdən gətirilən ermənilərin bu ərazilərdə məskunlaşmasını əks etdirən sənədlər də kitaba daxil edilib.
Müəllif yazır ki, Münxen paneli Ermənistanın baş naziri Paşinyanın, işğalçı dövlətin rəsmilərinin, eləcə də erməni millətçilərinin əsas məqsədini üzə çıxardı. Göstərdi ki, ermənilər uydurduqları saxta tarixlə dünya ictimaiyyətini çaşdırmağa, Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləməni, əsassız ərazi iddialarını, Qarabağın işğalını, Xocalı soyqırımını ört-basdır etməyə çalışaraq təcavüzkar siyasətlərini davam etdirirlər.
Bu kitab oxucunu, həmçinin bölgənin coğrafiyasına, etnik tərkibinə, toponimlərinə yaxından bələd olan və XIX-XX əsrlərdə Çar Rusiyasının, eləcə də Sovet Rusiyasının Cənubi Qafqaz siyasətinin həyata keçirilməsində bilavasitə iştirak edən tarixi şəxslərlə tanış edir. Beləliklə, gizlədilmiş tarixi həqiqətlər üzə çıxır, erməni millətçilərinin XIX-XX əsrlərdə uydurduqları saxta erməni tarixi faktlarla ifşa olunur. Kitabda “Erməni xisləti”, “Erməni yalanının Münxendə ifşası”, “Ermənistanda Azərbaycan türklərinin silinməz izləri”, “Tarixi ədalətsizlik: deportasiya, etnik təmizləmə və soyqırımı”, “Tarix və hüquq erməniləşdirmə siyasətini ifşa edir”, “Azərbaycan XVIII-XX əsr xəritələrində” adlı hissələrdə istinad edilmiş mənbələr və sənədlər ötən iki yüz ildə bölgədə baş verən tarixi proseslərdə erməni millətçilərinin və ideoloqlarının məqsədli və məkrli planlarının aşkarlanması baxımından olduqca önəmlidir.
Müəllif müxtəlif dillərdə 160-dan çox mənbəyə istinad edib. Bu mənbələr sırasında britaniyalı jurnalist, “The Sphere” hərbi qəzetinin müxbiri Robert Skotland Liddlin “Müsəlmanlarla müharibə: ermənilər yenidən hücuma keçir” məqaləsini (1920), gürcü yazıçısı və ictimai xadim İlya Çavçavadzenin Rusiya çarına məktublarını və “Erməni alimləri və fəryad edən daşlar” kitabını (1902), hərb elmi üzrə məşhur alman alimi, general-feldmarşal baron V.L.Kolmer fon der Holsun “Anadolu eskizləri” əsərini (1896), Eçmiədzin Sinodunun prokuroru A.Frenkelin Rusiya imperatoruna yazdığı arayışı (1907), məşhur rus tədqiqatçısı Vasili Veliçkonun “Qafqaz: Rus işi və qəbilələrarası məsələlər” (1904), Tiflis Vətənpərvərlər Cəmiyyətinin sədri Nikolay Şavrovun “Cənubi Qafqazda rus işinə yeni təhlükə” (1904), uzun illər çar Rusiyasının Osmanlı dövlətindəki səfirliyində işləmiş rus diplomatı, general-leytenant V.F.Mayevskinin “Ermənilər tərəfindən törədilən kütləvi qırğınlar” kitablarını (1913-1916) və digər materialları qeyd etmək olar.
Kitaba Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrindən başlayaraq BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 822, 853, 874 və 884 saylı qətnamələri, Qoşulmama Hərəkatının bununla bağlı Yekun Sənədi və digər sənədlər daxil edilib.
Nəfis tərtibatla çap olunmuş nəşrdə Azərbaycanın 1780-ci ildən 1924-cü ilədək olan dövrə aid 11 xəritəsi, habelə 1920-1933-cü illərdə Azərbaycan SSR-yə rəhbərlik etmiş şəxslərin siyahısı, ermənilərin 1828-ci ildə İrandan Azərbaycan torpaqlarına köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə Ağdərədə qoyulmuş Marağa-150 abidəsinin fotosu da yer alıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılmış qələbə “Münxendən başlayan zəfər”in məntiqi yekunu oldu, Qarabağ Ermənistanın işğalından azad edildi. Azərbaycan Prezidentinin diplomatiya sahəsində qazandığı misilsiz uğurlar bu Zəfərin əldə edilməsində mühüm rol oynadı.
- Oxunub: 2670 |
- Tarix: 27-01-2021 |
-
Çap et |