“Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi ilə bağlı imzalanan Anlaşma Memorandumu mühüm hadisədir”. Bu fikri qəzetimizə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Sabir Rüstəmxanlı bildirib ki, bu anlaşma istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir. Həm də bütövlükdə Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platformasının yaradılması deməkdir.
Partiya sədrinin sözlərinə görə, Türkmənistan və Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən yataqlar çox da uzaq olmayan keçmişdə bəzi mərkəzlər tərəfindən siyasi istismar mövzusuna çevrilirdi. Ancaq ikitərəfli Memorandum həmin mərkəzlərin bütün fəaliyyətini neytrallaşdırdı.
“Şübhəsiz, burada Azərbaycan dövlətinin apardığı təmkinli, eyni zamanda, bölgənin gələcəyinə yönəlik siyasəti mühüm rol oynayır. Bu mənada, Türkmənistanla “Dostluq” yatağının birgə işlənməsi son dərəcə önəmlidir. Azərbaycanın enerji sahəsində təcrübəsi böyükdür. Dənizin ən dərin qatlarında özüllər, platformalar qurur və onları sahillə əlaqələndiririk. Bu da Türkmənistana xeyir gətirən vacib məqamlardan biridir. Mümkündür ki, dənizdəki yataqdan çıxarılan ehtiyatlar Türkmənistana deyil, birbaşa Avropaya daşınsın. Bu da Türkmənistan üçün əlavə imkandır. Memorandumun imzalanması hər birimizi sevindirməlidir. Çünki bu anlaşma iki ölkə arasındakı əlaqələrə yeni bir nəfəs gətirəcək. Ən əsası isə Türkmənistan da Türk birliyinin inkişafında daha yaxından iştirak edəcək və öz töhfəsini verəcək”, - deyə S.Rüstəmxanlı vurğulayıb.
NARDAR
- Oxunub: 2130 |
- Tarix: 27-01-2021 |
-
Çap et |