Azərbaycanda ötən illər ərzində həyata keçirilən uğurlu siyasət və davamlı islahatlar öz müsbət nəticəsini verməkdədir. Belə ki, məhz reallaşdırılan islahatlar nəticəsində ölkədə siyasi dialoqun və siyasi münasibətlərin inkişafında yeni mərhələ başlayıb. Bu amil Azərbaycanda vətəndaş həmrəyliyinin və milli birliyin güclənməsində də vacib rol oynayır.
Bununla belə, cəmiyyətdə dayaqlarını tamamilə itirmiş radikallar öz xislətindən əl çəkmir, ölkəmizdəki sabitlik və həmrəylik mühitinə kölgə salmaq üçün müxtəlif üsullara əl atırlar. Elə AXCP sədri Əli Kərimlinin bu günlərdə sosial şəbəkələrdəki yeni şousu da bunu bir daha təsdiqləyir. Belə ki, o, növbəti dəfə bəzi əsassız iddialar səsləndirməklə, o cümlədən “insan haqları və demokratiya” şüarının arxasında gizlənməklə ölkəmizə qarşı yenidən qara piar kampaniyası aparır. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının başladığı ərəfədə start verilən bu şou eyni zamanda, bir daha Ə.Kərimlinin əsl xislətini ortaya çıxarır. Yəni görünən odur ki, xarici ermənipərəst dairələrdən növbəti təlimat alan Əli Kərimli yenə də anti-azərbaycançı mərkəzlərin sadiq xidmətçisi rolunda çıxış edir.
Digər tərəfdən, hazırda Azərbaycanda gündəmin əsas mövzusunun milli birlik olduğunu nəzərə alsaq, Ə.Kərimlinin məqsədinin daxili proseslərə hesablanmadığını aydın şəkildə görmək mümkündür. Qeyd etdiyimiz kimi, son illərdə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar cəmiyyətdə siyasi dialoqun və siyasi münasibətlərin inkişafına da öz töhfələrini verib. Ötən ilin fevral ayında keçirilmiş parlament seçkilərindən sonra Milli Məclisin rəhbər strukturlarında müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması, iqtidar nümayəndələri ilə partiya rəhbərlərinin mütəmadi olaraq görüşü və digər addımlar siyasi münasibətlərin əyani ifadəsidir. Bu islahatlar ölkədə milli birliyin güclənməsinə əhəmiyyətli təsir göstərib. Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq ordumuz əks-hücum əməliyyatlarına başlayarkən ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti, 50 partiya rəhbəri birgə bəyanat imzalayaraq Ali Baş Komandana və Ordumuza birmənalı dəstəyini ifadə etdi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində bu siyasi partiyalar prinsipial, vahid mövqelərini nümayiş etdirdilər. Təəssüflə qeyd etmək lazımdır ki, radikal mövqedə olan partiyalar bu ümummilli məsələdə həmrəylik nümayiş etdirmədi, siyasi partiyaların birgə bəyanatına qoşulmadılar. Bu fakt onların qaranlıq, məkrli xislətini bir daha ortaya qoydu.
Ötən il noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla müharibə başa çatdı. Bu sənəd işğalçı Ermənistanın kapitulyasiyası idi. 10 noyabr razılaşmasını Azərbaycan xalqı böyük coşqu, Ermənistan cəmiyyəti isə kədər hissi ilə qeyd etdi. Erməni cəmiyyətində bu məğlubiyyəti həzm edə bilməyənlər hələ də bu günə qədər Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirirlər. Belə bir şəraitdə, konkret olaraq özlərini “Milli şura” adlandıran, əslində isə antimilli şura ünsürləri olan radikallar qazanılan böyük qələbəmizə kölgə salmağa çalışırlar. Onlar noyabrın 10-dan etibarən yanlış fikirlərlə ictimai rəyi çaşdırmağa cəhd göstərirlər. Sentyabrın 27-dən siyasi fəaliyyətində moratorium elan etdiyini deyən radikallar məhz 10 noyabr tarixindən sonra xaricdəki ermənipərəst qüvvələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməkdə davam edirlər.
Onu da qeyd edək ki, Ə.Kərimlinin son addımları həm xarici ermənipərəst mərkəzlərin sifarişini yerinə yetirməyə, həm də onun timsalında “beşinci kolon” təmsilçilərinin ölkəmizin düşmənlərinə “Azərbaycan əleyhinə yeni sifarişlərin yerinə yetirilməsinə hazırıq” mesajının verilməsinə hesablanıb. Amma bütün bunlar əbəs cəhdlərdir. Çünki Azərbaycan cəmiyyəti radikalların “narahatlığı”nın gerçək səbəbini bilir.
Nardar BAYRAMLI
- Oxunub: 2160 |
- Tarix: 27-01-2021 |
-
Çap et |