Oxucuların suallarını Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, “Ədalət” Vəkil Bürosunun rəhbəri, vəkil Muxtar Mustafayev cavablandırır.
Oxucu soruşur:
- Eşitdiyimə görə, ötən il ünvanlı sosial yardım təyin edilməsi qaydalarında bəzi dəyişikliklər edilib. Bu, doğrudurmu və nəzərdə tutulan yeni qaydalar vətəndaşlar üçün hansı yeniliklər vəd edir?
Hüquqşünas cavablandırır:
- “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2 iyun 2020-ci il tarixli, 125-VIQD saylı qanunla həmin Qanunun 3-cü maddəsinə dəyişiklik edilərək, “müvafiq icra hakimiyyəti orqanında” sözlərindən əvvəl “birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,” sözləri əlavə edilib və “və s.” sözləri çıxarılıb.
Hazırda həmin maddə aşağıdakı redaksiyadadır:
Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Qanunun 6.1-ci maddəsindən “yaşayış yeri üzrə” sözləri çıxarılıb və hazırda aşağıdakı redaksiyadadır:
6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) tərəfindən təyin olunur.
Qanunun 8.1-ci maddəsində “2 il” sözləri “1 il” sözləri ilə əvəz edilib və hazırda aşağıdakı redaksiyadadır:
8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
- Oxunub: 3030 |
- Tarix: 27-01-2021 |
-
Çap et |